Əvəz Həsənov: “Qarabağla bağlı proseslərin şahidləri nə üçün memuarlar yazmırlar?”

4458948_originalBundan əvvəlki söhbətimiz zamanı daha çox, filmin yaradılması barədə danışdıq. İstərdim ki, indi Azərbaycanda Dağlıq Qarabağ müharibəsi və probleminə münasibət barədə oxucularımıza məlumat verəsiniz? Nə üçün, bizdə DQ problemi ilə əlaqədar müzakirələr çox az aparılır?

Dağlıq Qarabağ probleminin baş qaldırması Sovet Azərbaycanın o zamanki rəhbərliyinin bacarıqsızlığını və hadisələrə adekvat reaksiyasının olmadığını üzə çıxardı. Eyni zamanda münaqişənin qızışdığı dövrdə hakimiyyətlə yanaşı siyasi qüvvələr də münaqişədən düzgün nəticə çıxarıb, onun qarşısının alınması üçün lazımi addımlar ata bilmədi.  DQ münaqişəsi ölkə rəhbərlərinin siyasi məğlubiyyətinə və hakimiyyətlərini itirməsinə səbəb oldu. Münaqişə ölkədə siyasi qarşıdurmanı dərinləşdirdi, insanların dövlət strukturlarının effektivliyinə inamını azaltdı. Münaqişə siyasi prosesləri nəzarətdən çıxardı.

Azərbaycanda münaqişənin şahidi olan insanlar və münaqişənin qızğın dövründə vəzifədə olan insanlar hələ də sağdılar. Onların hər birinin öz həqiqəti var, ancaq real həqiqətin ortaya çıxmasında onların yaratdığı maneələr danılmazdır. Müzakirəni kim etməlidir? Təbii ki, siyasi qüvvələr. Amma, həmin siyasi qüvvələr 1990-cı illərdə olduğu kimi indidə həmin dövrü düzgün dəyərləndirmirlər. DQ münaqişəsi indiki hakimiyyətə SSRİ-nin dağılması ilə yaranan boşluq zamanı onun qarşısını almaqda acizlik göstərən respublika rəhbərlərindən miras olaraq qalmışdır.

DQ münaqişəsi ətrafında müzakirələrin aparılmamasının əsas səbəbi ondadır ki, Kamran Bağırovu münaqişənin baş qaldırmasında günahlandıranlar, Əbdürrəhman Vəzirovun dövründə vəzifədə qaldılar, amma, öz səhvlərini etiraf etmədilər. Vəzirovu Azərbaycan-Ermənistan münaqişəsi fonunda ölkədən qovanlar, sonradan Ayaz Mütəllibovun dövründə vəzifədə qaldılar, ancaq günahları olduğunu etiraf etmədilər. Ayaz Mütəllibovu Qarabağda baş verən hadisələrə görə istefaya məcbur edən Əbülfəz Elçibəy tərəfdaşları DQ-la bağlı proseslərdə hakimiyyəti uduzmaqla DQ probleminin dərinləşməsində dəyən zərərləri bu günə qədər müzakirə etməyə hazır deyillər. Heydər Əliyevn hakimiyyətə gəlişinə qədər DQ münaqişəsi ilə bağlı “hüquqi prosedurlar” artıq baş vermiş, ermənilər DQMV sərhəddində olan proseslərini yekunlaşdırmışdı. Onların növbəti strategiyası siyasi proseslər burulğanında olan Azərbaycanı diz üstə çökdürüb planlarının reallaşmasına məcbur etmək idi. Burada eyni zamanda Rusiyanın da maraqları danılmazdır.

Siz demək istəyirsiniz ki, Rusiya Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərirdi?

Bilirsiniz, münaqişədən tam məlumatsız adam bu məntiqdən istifadə edə bilər. Amma, SSRİ- nin dağılmasından sonra Sovet qoşunlarının varidatı müttəfiq respublikalar arasında bölüşdürüldü. Qafqazda başsız qalan sovet ordusu münaqişələrə həm Rusyianın təsirini saxlamaq üçün, həm də yerli hakimiyyətlərin pulla döyüşlərə cəlb etdiyi üçün istifadə olunurdu. Rusiya DQ münaqişəsinin həll olunmasında maraqlı deyildi və indi də fikrini dəyişməyib. Nəzərə alsaq ki, o zaman Rusiya imkan versəydi ki, Ermənistan DQ özünə birləşdirsin, onda bu günki Ermənistanı Rusiyanın həlqəsində saxlmaq mümkün olmazdı. Eyni zamanda Rusiya Azərbaycana da onun həlqəsindən çıxmağa imkan vermirdi. Azərbaycan Rusiyanın Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Şurası kimi layihələrində aktiv olmadığı üçün onun uduzdurulması daha məntiqi idi.

Azərbaycan rəhbərliyi və xalq tamamilə çarəsiz idimi bu “məntiqin” qarşısında?

Təbii ki, çıxış yolu var idi. İlk növbədə prosesləri düzgün qiymətləndirmək lazım idi. Sovet Azərbaycanının rəhbərliyi bunu bacarmadılar. Onlar hətta münaqişəni ölkə əhalisindən gizlədirdilər. Ermənilər qəti siyasi tələblər ortaya qoyduğu halda Azərbaycanlılar dostluq və qardaşlıqdan danışır və Qarabağda başlanan etirazlara göz yumurdular. Xalq siyasi çəhətdən savadlı olmaya bilər, amma, onun etimadını qazanan və yaxud ölkəni idarə etmək üçün təyin olunan şəxslər savadlı və bacarıqlı olmalı idi. Təəssüf ki, vəzifədə olan dövlət xadimləri SSRİ-nin dağılması ərəfəsində gücsüz və çarəsiz idi. Bizim xalqın isə hakimiyyətdə olana etiqadı imkan vermir ki, həmin rəhbərlərin addımlarına nəzarəti həyata keçirmək mümkün olsun.

Belə çıxır ki, xalq seçdiyi rəhbərlərin və yaxud qanunvericilərin addımlarına nəzarət edə bilmirdi?

Sovet Azərbaycanının rəhbərləri olan Bağırov, Vəzirəv və Mütəllibov SSRİ-nin dağılması fonunda baş verən milli azadlıq hərəkatının aktivləşməsindən və SSRİ rəhbərliyinin Bakıda qırğınlar törətməsindən sonra iflic olunmuşdu. Əbülfəz Elçibəy əksinə xalqın dəstəyinə malik olmasına baxmayaraq effektiv idaretmə sistemini qurmağa vaxt tapmadı. Onun dövründə ölkə daxilində siyasi intriqalar Qarabağda əldə olunan üstünlüyü saxlamağa imkan vermədi. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xalq dövlətin taleyində bir az arxayınlıq hiss etdi. Burada H.Əliyevin iadrəetmə bacarığının yüksək olmasının böyük rolu var idi. Mən Azərbaycanın müasir tarixi ilə bağlı arxivləri araşdırıram. “Azərbaycan” qəzetinin Əbülfəz Elçibəyin president olduğu dövrdə nömrələrini nəzərdən keçirirdim, qəzetin 1993-cü il iyun ayının 4-ə qədər və 5 iyun nömrəsinə baxanda idarəetməyə yanaşmanı dərhal hiss edirsən. İyunun 4-ə qədər olan nömrələrdə hökumət qüvvələri arasında qarışıqlıq tam aydın görünür, artıq iyunun 5-də çıxan nömrədə isə rəsmi qəzetin ruhuna uyğun olan standart cümlə və məqalə yanaşmasını görürsən. Müharibə aparan bir dövrdə xalqın birliyi və hakimiyyətin daha güclü idarə olunmasına ciddi yanaşmaq lazım idi.

Məhz ona görə də, sizində iştirak etdiyiniz filmdə Azərbaycanda baş şerən proseslərin dəqiq ardıcıllığını görmək çətindir. Təbii ki, bu yalnız Azərbaycan tərəfin hazırladığı materialda hiss olunur. Bununla razısınızmı?

Sizinlə tamamilə razıyam. Əgər ölkədə DQ münaqişəsi ətrafında proseslər tarixçilər, elə həmin dövrün siyasətçiləri tərəfindən dəqiq yazılmayıbsa və yaxud qaranlıqlar qalmaqdadırsa bizim kimi film hazırlayan insanların bu hadisələri olduğu kimi göstərməsi çox ciddi problemə çevrilir. Sual olunur, “nə üçün indiyə kimi Azərbaycanlı siyasətçilər 1990-cı illərdə baş verən hadisələr, xüsusən DQ müharibəsi ilə bağlı memuarlar yazmırlar?” Qəribədir deyilmi? Nə üçün Azərbaycanın o zaman hakimiyyətdə olan siyasətçiləri DQ münaqişəsi haqqında geniş danışmırlar.

Mənim yadıma 22 fevral 2001-ci ildə ATƏT-in MQ-nun rəsmən təqdim etdiyi üç nizamlama planı – “Paket Həll”, “Mərhələli həll”, “Ümumi Dövlət” planının ilk dəfə ictimai müzakirəyə çıxarılması düşür. 22-23 fevralda Heydər Əliyev Milli Məclisdə açıq müzakirə keçirdi. Parlamentin tərkibi də o zaman maraqlı idi. YAP 79 nəfər deputatla, AXCP 7 nəfər, Vətəndaş Həmrəyliyi 3, digər partiyalar isə 3 və 2 nəfər deputat mandatına malik idi. Təbii ki, Milli Məclisdə müzakirə açıq idi və bütün partiyalar dəvət olunmuşdu. Müzakirələrdə iştirak edən partiyaların çıxışını o zaman izləyirdim və hansısa bir sanballı təklif ortaya qoyan olmadı. Müsavat Partiyası isə ümumən müzakirədə iştirakdan imtina etdi. Hökumətin bu müzakirələrdə hansı məqsəd güddüyünü bilməsək də, hər halda bütün cəmiyyətin siyasi qüvvələri üçün çox yaxşı imkan idi ki,  münaqişə ilə bağlı ümumimilli müzakirədə fikir mübadiləsi aparsınlar. O dövrü daha yaxşı xatırlayanlar bu barədə yazmalıdırlar.

Sizcə, çəkilən 3 seriyalı film tarixin DQ münaqişəsi ilə bağlı hələ də açıq olmayan məqamlarına işıq salmaq üçün yaradılıbdır?

Xeyr! Bizim belə iddiamız yoxdur. Biz, indiyə kimi dəfələrlə tərəflərin açıq şəkildə müzakirə etdiyi, münaqişə ilə bağlı hamının bildiyi faktları Azərbaycanlı və Erməni ekspertlərin şərhləri əsasında sənədləşdirmişik.

Filmin 1 saatlıq ingilis dilində versiyası yayılanda, sosial şəbəkələrdə onu tənqid etdilər. Onların arqumenti budur ki, filmin 1974-cü ildə Dağlıq Qarabağda yaşayan ermənilərə guya erməni kanallarına baxmağa imkan verilməməsindən başlamaq çox yanlış addımdır. Çünki, ilk dəqiqədə atıq ermənilər özlərini təbliğ edir. Filmi nə üçün 1974-cü ildən başladınız, axı hər şey 1988-ci ildə başlayıb?

Bilirsiniz, film erməni müəlliflərin 15 dəqiqəlik təqdimatı ilə başlayır. Yaradıcılıq baxımından bizim bundan başlamağa etirazımız başa düşülən olmaz. Bu həmin müəlliflərin versiyasıdır. Təbii ki, filmi personaj başlayırsa onun tarixçəsi tərəfimizdən araşdırlırdı. Qarşı tərəf bununla bağlı sənədlər, memuarlar və mənbələr ortaya qoyur. Film yaradıcılığının özəlliyi odur ki, sən şahidin dediklərini verirsən. Onun danışığının məsuliyyəti isə özünə aiddir. Bizim Qarabağdan olan müsahibimiz deyir ki, Stepanakertdə Ermənistan kanalı tutmurdu və yalnız müəyyən yerdə onu tutmaq olardı və onlar həmin yüksəkliyə qalxıb futbola baxıblar. Buna görə də onları KGB-yə çağırıb tənbeh ediblər. İndi bu faktı yoxlamaq üçün əlimizdə hansı imkanlar var? Çox çətindir bunu dəqiqləşdirmək. Deməli şahidin arqumentləri əsas götürülür.

Münaqişəni DQ-da yaşayan ermənilərin başladığını nəzərə alaraq filmi orada baş verən hansısa bir prosesdən başlamaq lazımdır. Təbii ki, biz 1965-ci ildə ermənilərin Moskvaya məktubundan başlasaydıq filmi onda da tənqid edəcəkdilər.

Bu filmin tənqid olunmasında başqa bir arqument göstərilir ki, orada münaqişənin hüquqi tərəfləri çox az göstərilib. Yəni, dövlətlərin ərazi bütövlüyü, DQMV-nin Azərbaycanın tərkib hissəs  olması və s?

Biz bu filmi hazırlayan zaman 3 hissəli bir film çəkmişik. Orada isə izləyiciləri narahat edəcək çoxlu suallara cavab var. Eyni zamanda da sizin sualınıza cavab var. Təbii ki, tamaşaçı hər üç filmi görmək istəyəcək. Biz başa düşürük, bu bədii film deyil ki, onun nilyonlarla dinləyicisi olsun, milyonlarla gəlir gətirsin. Bu sənədli filmdir. Bunun auditoriytası isə çox dardır. Maksimum Azərbaycan və Ermənistan vətəndaşları buna baxacaq. Digər ölkələrdə bu regionda olan və onunla maraqlananlar, ekspertlər və beynəlxalq təşkilatlar baxacaq. Ona görə də bu filmə Azərbaycan və Ermənistan tarixinin rəsmi ensklopediyası kimi baxmaq yanlışdır. Bu ikitərəfin müəlliflərinin hazırladığı bir sənədli filmdir. Əminəm ki, həm Azərbaycanda, həm də Ermənistanda münaqişənin müxtəlif məqamları ilə bağlı yüzlərlə belə filmlər çəkiləcək.

Ardı var…

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s