Sülhün olmadığı münaqişədə əhalini sülhə necə hazırlamalı?

shushaHiss olunur ki, Azərbaycan və Ermənistan cəmiyyətləri artıq 3 il bundan əvvəlki vəziyyətdən bir qədər qabağa gedib. Hər iki xalq bir-biri ilə ciddi təmaslar qura bilməsə də hər halda insanların beyinlərində formalaşan neqativ informasiya ilə yanaşı pozitiv misallar da dolaşmaqdadır.

Əgər münaqişə tərəflərinin son illərdəki siyasi addımlarına baxsaq aydın olur ki, Azərbaycan tərəfi 2016-cı ildən bu yana ardıcıl olaraq status-kvonun indiki vəziyyətdə qalmasına maraqlı olmadığını nümayiş etdirməkdədir.

Azərbaycan özünün iqtisadi imkanlarının artması və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı olması fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişin əldə olunmasına nail olmaq istəyir. Bu irəliləyişin konturlarının nə olmasından asılı olmayaraq, Azərbaycan tərəfi də bölgədə sülhün əldə olunmasına maraqlı olduğunu bəyan edir.

Ermənistan tərəfi isə son hakimiyyət dəyişikliyindən sonra əvvəlki sərt mövqeyini daha çox mobil mövqe ilə əvəz etmək yolunu tutub. Ermənistan tərəfi də başa düşür ki, münaqişənin uzun müddətə dondurulması regionda siyasi maraqları olan Avropa Birliyi kimi strukturları qane etmədiyindən ən azından aydın sülh planının olmasına ciddi ehtiyac vardır. Ermənistan cəmiyyətində sülhün hansı dividentləri olacağının müzakirəsi aparılmasa da onu təsvir etmək üçün cəhdlərin olduğu hiss olunur.

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş faktiki olaraq dövlət başçılarının müxtəlif tədbirlərdə keçirdiyi sayca üçüncü görüşdür. Amma, nəzərə almaq lazımdır ki, hər iki ölkənin xarici işlər nazirlərinin görüşləri istisna olunmaqla dövlət başçılarının görüşləri xüsusi olaraq təşkil olunmur və onlar yalnız ümumi tədbirlərin fonunda görüşürlər. Keçirilən görüşlərə reaksiyalar göstərir ki, tərəflər bu təmaslara önəm verməyə başlayıblar.

Bu arada sosial şəbəkələrdə Azərbaycanlılar ilə ermənilərin paylaşdığı statusların altından şərhləri nəzərdən keçirməyə başladım. Nəzərə çarpan ilk təəsürat odur ki, sosial şəbəkə istifadəçilərinin ittihamları və təhqirlər azalmasa da onların tonunda yumşalma hiss olunur. 2010-cu ilə qədər internet istifadəçilıri arasında əsas polemika və yaxud təhqirlərlə dolu yazışmalar forumlarda keçirilidi. Facebook sosial şəbəkəsinin populyarlaşmasından sonra internet istifadiçilərin əsas “mübarizə” meydanı bura köçdü.

Başa düşülən odur ki, indi cəmiyyətin sülhə hazırlanmasının “qatarı” işə düşüb. Bəs, əhali sülh barəsinidə hansı təsəvvürlərə malikdir?

“Əraziləri sülhə dəyişmək”.

Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsi və şərhləri göstərir ki, bizim göslədiyimiz kimi Ermənistan cəmiyyətində əraziləri qeyri-şərtsiz qaytarıb sülhə nail olmaq barəsində düşünənlər yoxdur.  Paşinyanın “Qarabağ klanına” qarşı mübarizəsi kəskinləşdikcə Dağlıq Qarabağda söz sahibi olan hərbiçilərin etirazları çoxalacaqdır. Ona görə də “ərazini sülhə dəyişmək” formulası daha çox bəzi mətbuat nümayəndələri və ekspertlərin təxəyyülü olaraq qalır.

“Birinci iqtisadiyyat sonra isə sülh”

Ermənistan tərəfinin və eləcədə dünya ictimaiyyətinin ən çox arzuladıqları bu ssenari idi ki, tərəflər öz aralarında iqtisadi münasibətləri bərpa etsinlər və bununla da sülhə aparan yolu asanlaşdırsınlar. Hətta, Azərbaycanda xəyal edilirdi ki, “əgər Əsgərandan olan Armen öz həyətində becərdiyi kartofu 300 kilometr uzaqda yerləşən Yerevan bazarında deyil, 50 km uzaqda yerləşən Bərdə bazarında satacaqsa bu onun münaqişəyə münasibətini dəyişəcək”. Eyni zamanda xəyal edilir ki, Ermənistana iqtisadi yardım etməklə onu qonşu dövlətlərin təsirindən çıxara biləcəyik. Ermənistanda da xəyal edilir ki, əgər Azərbaycan əhalisi iqtisadi əməkdaşlığa getsə zaman keçdikcə insanlar Dağlıq Qarabağ problemini unudacaq, “çünki, onları qarabağ və işğal olunmuş ərazilər maraqlandırmır”. Bəlli olanı odur ki, Azərbaycan ərazilərin azad olunmasında irəliləyişin olduğunu görmədən iqtisadi blokadanı aradan qaldırmaqda maraqlı deyil.

Xalq qərar verəcək. ”Xalqın iradəsindən kənar addım atılmayacaq”.

Bu formulaya rəsmi dairələrdə daha çox istinad edilir.  Həm Azərbaycanda, həm də Ermənistanda ən çox eşitdiyimiz bu formuladır. Məntiqə söykənsək Erməni xalqının iradəsi “Dağlıq Qarabağı müstəqil görməkdir”. Azərbaycan xalqının iradəsi isə “Dağlıq Qarabağı Azərbaycanın tərkibində görməkdir”. Deməli, xalqın iradəsi mövqeləri yaxınlaşdırmağa imkan verməyəcək.  Lakin, ortaq bir məxrəc olacaqsa xalqı mövqesini korrektə etməyə inandırmaq olacaq.

“Mən sizdən xəbərsiz heç bir sənədə imza atmayacam”

Bu yeni formuladır. Nikol Paşinyan baş nazir seçildikdən sonra meydanda etdiyi çıxışlarında tez-tez kütləyə məhz bu mesajla müraciət edirdi. Bəlli olanı odur ki, indi danışıqlar prosesi barəsində əhaliyə verilən məlumat yalnız ümumiləşdirilmiş xarakter daşıyır. Münaqişə tərəfləri əhaliyə ümumi məlumatlar verdiyi halda Rusiyalı ekspertlər Azərbaycan və Ermənistan mediasında “danışıqlar prosesi” zamanı  guya əldə olunan razılaşmalara əsasən artıq konkret tarixləri paylaşırlar. Onlara inanmış olsaq tərəflər hətta rayonların azad olunmasının tarixi və yaxud sərhədlərin açılacağı günü müzakirə edirlər. İndi sual olunur ki, əhalini bu dezinformasiyalara kim inandırmaq istəyir və məqsədi nədir?

“Sülhə təhrik edəcəklər”

Son zamanlar müzakirə olunan məsələdir. Tərəflər öz aralarında razılığıa gələ bilmədikləri halda Avropa Birliyi, Rusiya və ABŞ tərəfindən sülh sənədinin imzalanmasına təhrik oluna bilərlər. Az inandırıcı görünsə də heç kim bu variantı inkar edə bilmir. Əgər tərəflərin sülh əldə etmək cəhdləri uzanarsa və regionda güclü dövlətlərin maraqları intensivləşəcəksə bu da variant kimi nəzərdən keçirilə bilər.

“Əvvəl status, sonra sülh”

Erməni tərəfinin əsas istəyi budur ki, DQ ərazisinin statusu barədə razılıq olmadan hər hansı sülh proseslərinə getmək olmaz. Yəni əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən iki sənəd təklif olunmuşdu “Paket variantı” və “Mərhələli həll” variantı. “Paket variantı” Azərbaycan tərəfini qane etmədi, “mərhələli həll” variantı isə erməni tərəfini. Onda iki variantın qarışığı olan “Madrid prinsipləri” ortaya çıxdı. 2007-ci ildən bu yana danışıqlar prosesi həmin prinsiplərin ətrafında gedir. İndi, yenidən təklif olunan əvvəlki variantlara qayıtmaq perspektivli görünmür.

“Gəlin barışaq və hər şeyi unudaq”

Təbii ki, bu gün status-kvonu saxlamaqda maraqlı olan Ermənistan üçün münaqişədə əldə etdikləri indiki nəticəni cüzi dəyişməklə belə vəziyyəti normallaşdırmaq çox sərfəli olardı. Amma, münaqişədə vəziyyət heç də bir tərəfin istəyindən asılı olmadığından bu formula da nisbidir. Azərbaycan tərəfi də nəticəni dəyişdikdən sonra bu formulaya diqqət yetirməkdə maraqlı olduğunu göstərir.

Hər iki xalq 30 ildir ki, birbaşa təmasdan məhrumdur. Əksinə bu arada boşluğu qarşılıqlı nifrət və qəzəb doldurub. İnformasiya müharibəsi dərinləşib, xalqlar arasında qarayaxma elə həddə çatıb ki, münasibətləri normallaşdırmaq məqsədilə deyiləcək istənilən söz belə qıcıq doğurur.

Ermənistan cəmiyyətində Azərbaycanın Türkiyə ilə eyniləşdirilməsi və 1915-ci il hadisələrinə siyasi qiymətin verilməsi üçün atılan addımlar və eləcə də Azərbaycan tərəfinin Xocalı faciəsi ilə bağlı apardığı təbliğat insanların barışıq üçün düşüncələrdən daşındırır.

Azərbaycanın qapıları ermənilər və Ermənistanın qapıları azərbaycanlılar üçün bağlıdır. Hətta, erməni əsilli digər ölkə vətəndaşları da Azərbaycana səfər etməkdə yüzlərlə maneələr ilə üzləşir. Eyni vəziyyət Ermənistanda baş verir. Azərbaycan soyadı ilə oraya səfər etmək mümkünsüzdür. Təbii ki, hər iki halda xüsusi razılıq tələb olunur.

30 ildir ki, mətbuat bir-birinə nifrətlə dolu yazılar ilə dolub, qarşı tərəf barəsində normal təsəvvürü olmayan nəsil formalaşıb. Onlar yalnız ölkə daxilində aparılan təbliğatı eşidirlər. Alternativ informasiya və yaxud qarşı tərəfin təqdim etdiyi informasiyanı əldə etməkdə çətinlik çəkirlər və yaxud maraqlı deyillər. Təbliğat elə qurulub ki, hər tərəf özünü haqlı, qarşı tərəfi günahkar göstərdiyindən seyriçi yalnız özünün haqlı olduğuna inanmaq istəyir.

Azərbaycan teleməkanında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr daha çox insanlarda barışmazlıq əhval-ruhiyyəsini oyadır. Ermənistan barəsində verilən xəbərlər daha çox onların iqtisadi baxımdan çıxılmaz vəziyyətdə olmasını göstərməyə yönəlib. Ermənistan efirində də Azərbaycanla bağlı hazırlanan verlişlər burada korrupsioner sistem və insan haqqlarının kobud pozulduğu bir ölkə təsəvvürü yaradılmasına yönəlib.

Azərbaycanda elə təsəvvür yaranır ki, ermənilər ölkələrində acından ölür. Ermənistanda elə təsəvvür vardır ki, Azərbaycanda yalnız varlı insanlar yaxşı yaşayır, əhalinin qalan hissəsi isə “dilənçi” vəziyyətindədir. Miflər hər iki cəmiyyətdə tükənməzdir. Bu miflər həm real xəbərin olmamasından yaranır, həm də xüsusi olaraq qızışdırılır.

İndi, tərəflər öz əhalilərini sülhə hazırlamağa başlamaq həvəsindədirlərsə məhz sonda qeyd etdiyim miflərin aradan qaldırılmasından başlamalıdır. Çünki, uzun illərdir cəmiyyətin özü uydurduğu miflər gələcəkdə real sülhə mane olacaq ən ciddi baryer olacaq.

Əvəz Həsənov

This entry was posted in Articles, News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s