Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın avrointeqrasiyadan gözləntiləri

Azerbaijan EUAzərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin dinamikası və DQ münaqişəsi ilə bağlı prioritetlər.

SSRİ-nin dağılması ərəfəsində mərkəz tərəfindən keçmiş sovet respublikalarında etnik münaqişələr qızışdırılmağa başladı. SSRİ rəhbərliyinin Dağlıq Qarabağ münaqişənin qarşısının alınmasına gec və qeyri-adekvat reaksiyaları Azərbaycan üçün  artıq Moskvanın bölgədə siyasi partnyor kimi rolunu kiçildirdi.

Bütün bunların fonunda isə Avropa İttifaqı və ona daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin qızışdırıldığı dövrdə tərəflər arasında atəşkəsin əldə olunması və hər iki ölkədən qovulan yüz minlərlə insanın humanitar problemlərinin həll olunmasına yardım etməyə başladılar. Bu isə özlüyündə Avropa ittifaqına daxil olan dövlətlərin yeni müstəqiilk əldə etmiş Azərbaycan ilə münasibətlərin qurulmasına ciddi təkan verdi. Keçmiş SSRİ-nin təsirindən yaxa qurtaran Azərbaycan eyni zamanda Avropa üçün regionda özünün tranzit mövqeyi, nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi və enerji resurslarının zənginliyi ilə maraqlı bir partnyora çevrilirdi.

Müstəqillik qazandıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin qarşısının alınmasında Moskvanın zəif mövqeyi Azərbaycanda bütün gələcək siyasi və iqtisadi layihələrin Avropa İttifaqı ölkələri ilə reallaşdırılmasına imkan yaratdı. Azərbaycanın Avroatlantik məkanla əməkdaşlığı xarici siyasətin əsas prioritetlərindən birinə çevrildi. 1994-cü il sentyabr ayında neft kontraktının imzalanması ilə Azərbaycan özünün iqtisadi sahədə avropa məkanına inteqrasiya istiqamətində əsas prioritetlərini müəyyən etdi.

Münaqişə ilə bağlı əsasən BMT-nin siyasi təsir vasitələrinin işə salınması və qətnamələrin qəbul olunması yolu ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə beynəlxalq aləmin cəhdləri oldu. Lakin Avropa İttifaqının də münaqişənin təsirlərinin azaldılmasında təsirləri danılmazdır.

Sovet İttifaqının süqutundan sonra yaranmış siyasi və iqtisadi vakumun doldurulması, müstəqillik əldə etmiş ölkələrə bazar iqtisadiyyatının yaradılması işində kömək, dövlətlərarası ticarət və nəqliyyat sisteminin inkişafı üçün islahatların həyata keçirilməsi və demokratik islahatların aparılmasına yardım etmıək məqsədilə 1991-ci ildə Avropa İttifaqı özünün “MDB ölkələrinə texniki Yardım” (TACİS) proqramını işə saldı. Bu proqram yenicə müstəqillik əldə etmiş Azərbaycan üçün imkanların yaranmasına, xüsusən müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsinin gərgin fazasında texniki və ərzaq yardımı əldə etməsinə imkan verdi.

Azərbaycan ilə qarşılıqlı müqavilə əsasında əməkadşlığın əsası isə 1993-cü il aprelin 22-də Aİ ilə Azərbaycan Respublikası arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq sazişi”[1]oldu. Bu saziş isə özlüyündə ticarət, qanunvericilik, mədəniyyətin inkişafı və qeyri-qanuni ticarətin qarşısının alınması kimi proqramların icrasına imkan yaratdı. TƏS 1999-cu ildə Milli Məclis tərəfindən ratifikasiya edilməklə ölkədə qanunun alililiyinə hörmət, genişmiqyaslı qanunvericilk və siyasi islahatların aparılmasını və əməkdaşlığın genişləndirilməsini nəzərədə tuturdu. Lakin, ölkənin Aİ ilə dərin əməkdaşlıq təşəbbüsü məhz 2004-cü ildə Azərbaycanın “Avropa Qonşuluq Siyasəti” [2]proqramına daxil edilməsindən sonra başladı. 2006-cı il  Noyabrın 14-də Brüsseldə Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının iclasında “Azərbaycan Respublikası – Avropa İttifaqı arasında Fəaliyyət Planı” [3]təsdiq edildi. Fəaliyyət planının 10 prioritet istiqamətlərindən biri məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini nəzərdə tuturdu.

Prioritet sahə 10

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək

Xüsusi tədbirlər:

– Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin də vasitəsilə diplomatik səylərin artırılması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin davam etdirilməsi;

– BMT TŞ-nın müvafiq qətnamələri və ATƏT-in sənəd və qərarları əsasında ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək səylərinə siyasi dəstəyi artırmaq;

– İnsanlar arasında əlaqələrin həvəsləndirilməsi;

– Siyasi həll istiqamətində danışıqların sürətləndirilməsində maraqlı olan dövlətlərlə Aİ-nin dialoqunun intensivləşdirilməsi. [4]

Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının gündəliyində

Avropa İttifaqı ilə Azərbaycan arasında manasibətlərin qurulmasının ilkin mərhələsində DQ münaqişəsinə münasibət tam aydın olmamış, Aİ münaqişə ilə o qədər də dərindən maraqlanmağa macal tapmamışdı. İmzalanmış sənədlər və razılaşmaların təhlili onu göstərirdi ki, DQ münaqişəsinin həlli məsələsi AB-nin fəaliyyət strategiyasına daxil edilməmişdi və təbii ki, ölkə ilə imzalanan sənədlərdə bu barədə qeydlərə rast gəlmək mümkün olmamışdır. Lakin, bu o demək deyildir ki, Aİ münaqişə ilə bağlı mövqeyə malik deyildir. 1992-1993-cü illərdə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların qızğın fazasında Aİ özünün mövqeyini ortaya qoymuş, hərbi əməliyyatların dayandırılmasına, sülhün əldə olunması üçün səylərinin göstərilməsinə çağıran bəyanatlar qəbul etmişdir.

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini əks etdirəcək ən vacib sənədlərdən biri 23 oktyabr 2013-cü il tarixdə Avropa Parlamentinin qəbul etdiyi Avropa Qonşuluq Siyasəti üzrə 2103/2621(RSP) saylı bəyanatıdır. Bəyanatda “Bir Şərq tərəfdaşlığı ölkəsinin digər ŞT ölkəsinin ərazisini işğal etməsinin yolverilməz olduğu vurğulanır. DQ münaqişəsinin həllinin BMT Təhlükəsilik Şurasının 4 qətnaməsi, Minsk Qrupunun baza prinsipləri və 10 iyul 2009-cu il L’Aquila birgə bəyanatına əsasən həll olunmasını vacib saymışdır. [5]

–          “16.  Recalls its position that the occupation by one country of the Eastern Partnership of the territory of another violates the fundamental principles and objectives of the Eastern Partnership and that the resolution of the Nagorno-Karabakh conflict should comply with UN Security Council resolutions 822, 853, 874 and 884 of 1993 and the Organisation for Security and Cooperation in Europe (OSCE) Minsk Group Basic Principles, enshrined in the L’Aquila joint statement of 10 July 2009”

Istər Avropa İttifaqının qəbul etdiyi sənədlərdə, istərsə də onun rəsmilərinin səsləndirdiyi bəyanatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ehtiyyatlı davranış nümayiş etdirilir. Xüsusən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri ərəfəsində qeyd etdiyi kimi “Sülh sözünün əsl mənasını hələ də bilməyən bir nəsil yetişib. Hazırkı status-kvonun münasib olmadığı sirr deyil. Son ildə cəhbə xəttində şiddətin artdığının şahidi olduq: heç kəs bu yolla davam edə bilməz. Münaqişənin beynəlxalq hüquqa uyğun şəkildə sülh yolu ilə həll olunması Aİ-nin prioritet məsələsi olaraq qalır”. [6]

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu bütün tərəflər üçün məqbul format olaraq BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qüvvəyə minib: “Minsk qrupunun həmsədrləri yeni vasitəçilik cəhdlərinə başlayıblar: o cümlədən xüsusi nümayəndəmiz Herbert Salberin vasitəsilə bu prosesi hər zaman qəti şəkildə dəstəkləmişik. Münaqişə səddi boyu sülhün qurulması tədbirlərini və insanlar arasında əlaqələrin qurulmasını dəstəkləməyə davam edəcəyik. Bu fəaliyyətlə Minsk qrupunun göstərdiyi cəhdlər arasında ziddiyyət yoxdur; uzunmüddətli barışıq baxımından hər iki tədbir mühümdür”.

Aİ-nin ali nümayəndəsi bildirib ki, Minsk qrupunda aparılan danışıqlarda əsas məsələ münaqişənin hərtərəfli həlli istiqamətində praktiki addımlara dair razılıq əldə etməkdir: “Elə bir neçə ay əvvəl – 2015-ci ilin dekabr ayında həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Prezidenti Serj Sarkisyan hazırkı təkliflər üzərində işləyəcəklərini təsdiq etdilər. Bu vacibdir: son nəticədə iradə göstərib sülhə doğru irəliləmək ölkə rəhbərlərindən asılıdır. Hər kəs təxribat xarakterli bəyanatlardan çəkinərək, yerdə vəziyyəti sakitləşdirməyə borcludur. Son ildə ağır silahlardan istifadə olunub, dinc əhali hədəf alınıb. Hazırkı qeyri-sabitlik hər iki tərəfə baha başa gəlir. Digər tərəfdən, sülh sərhədlərin açılmasına, ticarət və kommunikasiyanın dəstəklənməsinə imkan verər. Sülh sizin bölgəni Avropa ilə Asiya arasında çiçəklənən giriş qapısına çevirər”.

Azərbaycan rəsmiləri dəfələrlə Avropa İttifaqının platformasından Ermənistanın Azərbaycan ərazisini işğalı məsələsini müzakirəyə çıxarmaga və bununla bağlı ittifaqın mövqeyini açıqlamasına cəhd etmişlər. Bu müzakirələr zamanı yaranmış mübahisələrə baxmayaraq Aİ Parlament Assambleyasının qəbul etdiyi sənədlər tərəfləri daha çox münaqişənin sülh yolu ilə həllinə çağırmışdır.

2017-ci il Noyabrın 4-də Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası Bürosu tərəfindən 2017-ci il noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciəti zamanı irəli sürülən xəttin saxlanmasına üstünlük verilmişdir. [7]

Büronun qəbul etdiyi müraciətdə qeyd olunur ki,  “Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan və Azərbaycan qoşunları arasında hərbi əməliyyatların qısa zamanda dayandırılmasını tələb edirik. Bu münaqişənin hərbi həll yolu mövcud deyil. Münaqişə substantiv danışıqların bərpası, etimadın möhkəmlənməsi üçün tədbirlərin görülməsi və dialoqun keçirilməsi yolu ilə həll olunmalıdır”.[8]

Təhlillər göstərir ki, Aİ münaqişə tərəflərinə səslənməklə regionda sülhün əldə olunmasına, regional siyasi – iqtisadi layihələrin icrasında birgə mənfətin əldə olunması üçün səylərini birləşdirmələrini tövsiyyə edir.

Buna baxmayaraq Azərbaycan tərəfi hər zaman Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə münasibətinə tənqidi yanaşmalarını gizlətmir. Xüsusən Avropa İttifaqının üzvü olan Fransanın ATƏT-in Minsk Qrupu həmsədri kimi vasitəçilik missiyasından narazılıq indiyə kimi davam etməkdədir. Fransada ən böyük erməni lobbisinin olduğu əsas gətirilərək onun münaqişənin həllində obyektiv mövqe tutacağına inam aşağıdır. Avropa İttifaqı ölkələrinə tanınmamış Dağlıq Qarabağ Respublikası rəhbərliyi və digər vəzifəli şəxslərinin dəvət olunması, onlarla görüşlərin keçirilməsi və Avropa Parlamentinin üzvü olan deputatların DQ-a səfərlərinin təşkil olunması bu inamsızlığı dərinləşdirir.

Azərbaycanın siyasi rəhbərliyi və xüsusən də Avropa İttifaqı institutlarında təmsil olunan nümayəndə heyyətinin üzvləri daimi olaraq tribunalardan ittifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyin ortaya qoyulmasına çağırırlar. Bu çağırışlar daha çox Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyasının iclaslarında səslənməkdə davam edir. Təbii ki, Azərbaycan tərəfinin apardığı işin əhəmiyyətindən asılı olaraq bəzən adları çəkilən qrumların Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması və humanitar problemlərinin həll olunması istiqamətində bəyanatları və müraciətləri qəbul olunur.

Şərq Tərəfdaşlığı proqramı və Aİ ilə münasibətlər

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşməsinə yol açan növbəti təşəbbüs Şərq Tərəfdaşlığı proqramı oldu. 2008-ci ilin may ayında Aİ-nın xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Belorusiya, Ukrayna və Moldova üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasına ümidi artırdı. Yeni Qonşuluq Siyasətindən fərqli bir çərçivə olan Şərq Tərəfdaşlığı ikitərəfli münasibətlərin qurulması üçün Assosiasiya Sazişinin imzalanmasını vacib edir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını əsas götürərək Aİ ilə əməkdaşlıq çərçivəsində çoxtərəfli əməkdaşlıq formatına maraq nümayiş etdirmədi. Assosiasiya Sazişini imzalamadan imtina edən Azərbaycan 2015-ci ildə Riqa Sammitindən əvvəl “Strateji Əməkdaşlıq Sazişini” Avropa İttifaqına təqdim edib. 2016-cı ilin noyabrın 14-də isə Avropa İttifaqı Nazirlər Şurası  Avropa Komissiyasına və Xarici Məsələlər və Təhlükəsilik Siyasəti üzrə Ali Nümayəndəliyinə üzv dövlətlər adından Azərbaycan ilə Avropa İttifaqı arasında sazişin imzalanması ilə bağlı danışıqlar aparmağa mandat verdi.

İndiyə kimi ŞTP çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi bir sənədin müzakirə edilməmiş və yaxud proqram qəbul olunmamışdır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bildirmişdir. Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunduğu kimi: “Avropa İttifaqı bir daha bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində BMT-nin Nizamnaməsinin və Helsinki Yekun Aktının prinsiplərinə sadiqdir”.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında balansın saxlanmasına daha çox üstünlük verir. 2015-ci il Latviyanın paytaxtı Riqa şəhərində keçirilən zivə toplantısı zamanı qəbul edilən yekun bəyanatında yalnız Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyü xüsusi ollaraq qeyd olunmuşdur. Azərbaycan tərəfinin etirazlarına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin də məhz ölkənin ərazi bütövüyü kontekstində bu bəyanatada əks olunması təklifi nəzərə alınmamışdır. [9]

Avropa İttifaqı adından dərc olunan “Aİ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ DAİR FAKTLAR” [10]açıqcasında DQ münaqişəsinin həlli ilə bağlı ittifaqın mövqeyi əks olunmuşdur: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitlik və inkişaf üçün maneə olaraq qalır. Aİ, o cümlədən onun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi, ATƏTin Minsk qrupu həmsərdlərinin münaqişənin həll olunması istiqamətində səylərini dəstəkləyir və töhfəsini verir. Aİ həmçinin münaqişə tərəfləri arasında etimadın və sülhün yaranması istiqamətində fəaliyyətləri təşviq edir, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlıq proqramının icrası vasitəsilə  buna nail olmağa çalışır”.

2017-ci ilin sonlarında Azərbaycan ictimaiyyətinin diqqətini çəkən başqa bir məsələ oldu. İlin ortalarında Avropa İttifaqı Şurası “Ermənistanla Aİ arasında razılaşdırılan genişləndirilmiş və hərtərəfli əməkdaşlıq sazişi”nin mətnini açıqladı. Artıq noyabrın 24-də Brüssel sammiti zamanı Ermənistanla bağlanmış sazişdə Dağlıq Qarabağ münaqişəsinə də yer ayırdığı bəli oldu. Sənəddə qeyd edilib: “Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsinin sülh və davamlı nizamlanması yoluna sadiqliyi, həmçinin münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi çərçivəsində danışıqlar yolu ilə tez bir zamanda həllinin vacibliyini tanıyırıq. Həmçinin, bu nizamlanmanın BMT nizamnaməsi və Helsinki Yekun Aktında, ATƏT nazirlərin Şurasının 2008-ci ildə baş tutan 16-cı iclasından sonra ATƏT-in Minsk qrupunun yaydığı bütün bəyanatlarda göstərilən prinsiplər əsasında (təhdid və ya güc tətbiq, dövlətlərin ərazi bütövlüyü və bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə) nail olunmasının vacibliyini tanıyırıq; həmçinin Avropa İttifaqının nizamlanma prosesini dəstəkləməsi barədə bəyanata sadiqliyini vurğulayırıq”.[11]

Ermənistan ilə Aİ arasında 2017-ci il noyabr ayında imzalanan müaqvilədən aydın göründü ki, Aİ Dağlıq Qarabağ məsələsində ümumi qəbul olunan standartlardan kənara çıxmağa meylli deyildir. Azərbaycan tərəfi ilə müzakirə olunan sənədin mətni hələ ictimaiyyət üçün açıq elan olunmasa da Ermənistan təcrübəsi göstərir ki, oxşar mövqe Azərbaycanla imzalanacaq sənəddə də əks olunması ehtimalı böyükdür.

Azərbaycanın əməkdaşlıq etdiyi Avronest Parlament Assambleyası ilə 2014-cü ildə yaranan insident – Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəyanat sübut etdi ki, münasibətlər heç də mülayim deyildir. Ölkə rəsmilərinin fikrincə Avropa Parlamenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın gözləntilərini təmin edəcək münasibət nümayiş etdirmək əvəzinə ölkədə insan hüquqları və demokratiya ilə bağlı proseslərə xüsusi diqqət yetirməsi ölkənin Avronestdə fəaliyyətini dayandırmasına gətirib çıxardı. AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin keçmiş rəhbəri Elxan Süleymanovun müsahibəsində [12] Azərbaycanın bu addımını 16 bənddə izah etməyə çalışıb. Izahatdan aydın olur ki, Avropa Parlamentinin rəsmi sənədlərində Rusiyanın Ukraynanı işğal etdiyinə görə sanksiyalar ilə üzləşməsi fonunda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini konkret olaraq göstərməməsi Aİ-nın obyektivliyinə inamı sual altına alır.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi

Azərbaycan Respublikası ilə diplomatik əlaqələrin qurulmasından sonra Aİ öz Xüsusi Elçisini Azərbaycana ilk dəfə olaraq 1998-ci ildə göndərmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. 7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdiliməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Əsasən Cənubi Qafqaz və Gürcüstan krizisi ilə bağlı məsələlərin həll olunması ilə məşğul olan xüsusi nümayəndənin Tbilisi şəhərində ofisi və məhdud sayda heyyəti – Bakıda və Yerevanda fəaliyyət göstərir.

2017-ci ilin noyabrında Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə Toyvo Klaar təsdiqlənib. [13]

Xüsusi nümayəndənin vəzifəsinə regiondakı münaqişələrin – Gürcüstan böhranı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, eləcə də regional əməkdaşlığın təşviqinə kömək etmək daxildir. Xüsusi nümayəndənin münaqişə tərəfləri ilə görüşlərin keçirilməsi və məsləhətləşmələrin aparılmasında rolu çox böyük olduğundan onun regiona baş tutan səfərlərinə xüsusi diqqət verilir. Hər dəfə regiona səfəri zamanı ölkə başçıları, xarici işlər nazirləri ilə görüşlər keçirilir. Vətəndaş cəmiyyəti ilə məsləhətləşəmələr aparılır və bununla da Aİ-nin münaqişə tərəflərinə vacib mesajlarının çatdırılmasına imkan yaranır.

Xüsusi nümayəndənin münaqişə tərəfləri arasında mövcud olan əhval ruhiyyənin izlənməsi və sülhün əldə olunması istiaqamətində təşəbbüslərin qiymətləndirilməsi üçün fəaliyyəti rəsmilər və vətəndaş cəmiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır. Bakıya səfərləri ərəfəsində rasmlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirilən paralel görüşlərin dinamikası bir daha sübut edir ki, Avropa İttifaqı münaqişə ilə bağlı çıxış yollarının axtarılmasında cəmiyyətin aparıcı təbəqələrinin rolunu düzgün dəyərləndirir.

Aİ-nın vətəndaş cəmiyyəti səviyyəsində edilən təşəbbüslərə dəstəyi – EPNK

Avropa İttifaqının regionda sülhün əldə olunması və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında mühüm alətlərindən biri ” DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİ NAMİNƏ AVROPA TƏRƏFDAŞLIĞI” (EPNK) layihəsidir. Bu layihə və yaxud təşəbbüs avropa vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülmüşdür. Onun əsas tərəfdaşları ilk gündən 5 təşkilatdır: Conciliation Resources (Böyük Britaniya), Crisis Management Initiative (Finlandiya), International Alert (aparıcı təşkilat, Böyük Britaniya), The Kvinna till Kvinna Foundation (İsveç) və LINKS (Böyük Britaniya). Avrasiya Əməkdaşlıq Fondu (EPNK layihəsinin 3-cü fazasında bu təşəbbüsə qoşulmuşdur).[14]

EPNK layihəsinə daxil olan bir neçə  təşkilatlar regionda sülhyaratma işini 2003-2009-cu illərdə Azərbaycan və Ermənistandan olan partnyorlar vasitəsilə başlamışlar. 2010-cu ildən isə EPNK layihəsinin 1-ci fazası başlanmışdır. Hal-hazırda EPNK layihəsinin 3-cü fazası icra olunur. Bu layihəyə Azərbaycandan 6, Ermənistandan 6 və Dağlıq Qarabağdan 2 yerli təşkilat cəlb olunmuşdur.

EPNK çərçivəsində icra olunan layihələrin əsas mövzuları münaqişə tərəfləri arasında dialoqun aparılması üçün müxtəlif tədbirlərin keçirilməsi olmuşdur. Xüsusən sülh prosesinə təkan verəcək tədqiqat və analizin təşkili, mətbuatın cəmiyyətlər arasında anlaşmanın qurulmasına cəlb olunmasına xüsusi önəm verilir. Sənədli filmlər vasitəsilə münaqişənin həllinə nail ola biləcək təşəbbüslərin dəstəklənməsi və müxtəlif sosial qrupların, ictimaiyyətin nümayəndələrinin sülhquruculuğu prosesinə cəlb olunması  bu layihələrin əsas mövzuları olmuşdur.

Bu layihələrin üstünlüyü ondan ibarətdir ki, onun icrası tərəflərin razılığı və bəzi rəsmi strukturların razılığı əsasında mümkün olmuşdur. Layihə bütün dövrlərdə həm Azərbaycanda, həm də Ermənistanda sülhyaratma prosesinə inamın azalıb-artmasından asılı olmayaraq öz yerini saxlaya bilmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alternativ sayıla biləcək fikirləri əks etdirən dəyərli resurslar bu layihənin partnyorları olan təşkilatların birgə iştirakı ilə yaradılmışdır. İndiyə kimi bir çox müxtəlif konfranslar, birgə çəkilmiş sənədli filmlər, internet resurslar bu əməkdaşlığın əsas uğurlarından biridir.

Layihələr Azərbaycan cəmiyyətində sülhyaratma istiqamətində ən davamlı fəaliyyətin və resursların ortaya qoyulmasında əhəmiyyətli rol oynamışdır. Faktiki olaraq EPNK layihəsi Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ vətəndaş cəmiyyət nümayəndələrinin görüşləri üçün platforma rolunu oynamışdır.

Cəmiyyətin Avropa İttifaqı ilə münasibətlərin intensivliyinin artmasından DQ münaqişəsinin həllinə dair gözləntiləri

Avropa İttifaqı ilə bağlı münasibətlətin qurulmasının və əməkdaşlığın inkşaf etdirilməsinin dinamikası ilə bağlı gözləntilər müxtəlf dövrlərdə fərqli olmuşdur.

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində rəsmi və cəmiyyət səviyyəsində gözləntilər eynidir. Humanitar Tədqiqatlar Cəmiyyətinin nəşr etdiyi “Qarabağ müzakirə olunur” kitabında toplanan rəsmi dövlət stukturlarınin mövqeyi ilə yanaşı siyasi partiyaların proqramlarına əsaslanaraq qeyd etmək olar ki, hakimiyyət yönümlü və müxalifət partiyalarının DQ məsələsində yanaşmaları heç də bir-birindən fərqlənmir.  Xüsusən də onların beynəlxalq təşkilatlardan gözləntiləri arasında da ciddi fərq yoxdur. Bundan irəli gələrək hesabatda əsasən yüksək vəzifəli dövlət rəsmilərinin, cəmiyyətin aparıcı fiqurlarının fikirləri əsasında Azərbaycan cəmiyyətinin DQ münaqişəsinin həllində avrointeqrasiyadan gözləntilərini təhlil edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı zamanı ölkənin Dağlıq Qarabağ məsələsi ilə bağlı gözləntiləri konkret olaraq nümayiş etdirilmişdir. “Beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini tapmalıdır.[15]

2017-ci il Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum zamanı tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Azərbaycan və Avropa İttifaqı qrasında münasibətlərin normallaşmasına əngəl olacaq DQ münaqişəsinin həll olunmasına işarə vurmuşdur. ” “Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”[16].

AR Xarici İşlər Nazirinin müavini, əsasən avrointeqrasiya proseslərinə cavabdeh Mahmud Məmmədquliyev mətbuatda Aİ ilə danışıqlar prosesini ən çox izah edən dövlət rəsmilərindən biridir. M.Məmməduliyev “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənədin qəbul olunmasının vacib olduğunu bildirmişdir. “Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi, iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfinin isə bir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç bir nəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçün bir çox ölkələrlə işləyirik. Ancaq hər şey Avropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də “Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq”[17].

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov 2014-cü il oktyabr ayında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşü zamanı beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində qətiyyətli olmaq əvəzinə ikili standart nümayiş etdirdiyini bildirmişdir. B.Səfərov qeyd edib ki, “Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır[18]. Faktiki olaraq müstəqil QHT kimi qeydiyyatdan keçmiş icmanın DQ münaqişəsi ilə bağlı mövqeyi rəsmi hökumətin mövqeyindən az fərqləndiyindən beynəlxalq təşkilatların ona istinadı hallarına az rast gəlinir.

Politoloq Eldar Namazov Azərbaycanın Aİ ilə əməkldaşlıq sazişi imzalanması yolundakı əngəllərdən danışarkən  onu razılaşma şərtləri ilə yanaşı Azərbaycanın Qarabağ münaqişəsindəki maraqları arasında yaranan ziddiyyətlə əlaqələndirmişdir. “Avropa İttifaqı elə bil ki, Dağlıq Qarabağ məsələsində neytral mövqedən çıxış etmək istəyir. Bunu onunla əsaslandırır ki, Ermənistan da «Şərq Tərəfdaşlığı» Proqramının üzvüdür, onunla da müəyyən bir sənədlər imzalnmalıdır”[19].

Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev də, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin soyumasının əsas səbəbi kimi, İttifaqın indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə vahid mövqe ortaya qoymaması ilə izah edib. O bildirib ki, Moldova, Gürcüstan, Ukrayna münaqişəsinin bu və ya digər prinsiplər əsasında həll olunmasını deyirlər, amma Azərbaycana gəldikdə isə bildirirlər ki, ATƏT-in Minsk Qrupu var və hansı qərar qəbul edilsə, onu dəstəkləyəcəyik. Aİ konkret olaraq DQ münaqişəsi ilə bağlı konkret bir münasibət bildirmir[20].

Azərbaycvan rəsmiləri öz çıxışlarında Aİ ilə bağlı mövqelərini bildirməkdə ehtiyyatlı olsalar da hakimiyyətin nəzarəti altında olan elektron mediada çıxış edən əksər ekspertlər ikitərəfli münasibətlərin zəif olmasında daha çox qarşı tərəfi ittiham edirlər. Bu ilk növbədə Aİ-nın Dağlıq Qarabağ məsələsində “ikili” mövqeyi nümayiş etdirməsi ilə izah olunur. Azərbaycan ictimiayyəti DQ münaqişəsinin həll olunması istiqamətində Aİ ölkələrinin Ermənistana təzyiq etməli olduğunu, işğalın dayandırılması və insanların öz doğma yurdlarına qaytarılmasında yardımçı olmasını önə çəkirlər.

Avropa İttifaqından gözləntilər heç də bununla bitmir. Erməni lobbisinin ABŞ-da, Rusiyada və Avropa ölkələrində (xüsusən Fransada) güclü olması cəmiyyətin qarşısına bu ölkələrdə daha intensiv iş aparılması və onları üstələmək vəzifəsini qoyur. Məhz buna görədir ki, Azərbaycan diaspora təşkilatlarının faəllığı Avropa ölkələrində daha çox müşahidə olunmağa başlamışdır. Son dövrlərdə Azərbaycanın Avropa ölkələrində yatırımlarının sayının artması, avropalı iş adamları ilə əməkdaşlıq bacarıqlarının artması diasporaya yeni imkanlar yaratmışdır. Azərbaycandan olan mühacirlərin də diasporanın gücləndirilməsi və ölkə ilə bağlı tədbirlərin keçirilməsində rolu kifayət qədər artmıdır. Azərbaycandan son dövrlər siyasi müxalifətin təmsilçilərinin Avropaya mühacirət edənlərin sırasında payı daha yüksək olmasına baxmayaraq, ölkə ilə bağlı tədbirlərin, xüsusən DQ mövzusu və onun qurbanları ilə bağlı tədbirlərin keçirilməsində hələ də əlaqəsiz birlik nümayiş etdirilir.

Azərbaycan ictimaiyyəti Aİ ilə münasibətlərin artım səviyyyəsindən asılı olaraq Avropa ölkələrində öz təbliğatlarını aparmaq sahəsində yeni bacarıqlar əldə edirlər. Buraya eyni zamanda maliyyə imkanlarının artması da təsir edir. Aİ ölkələrində son zamanlar DQ münaqişəsi ilə bağlı keçirilən konfranslar, təqdimatlar və etiraz mtiniqlərinin dinamikası sübut edir ki, Azərbaycanlıların məhz avropa ölkələrində DQ münaqişəsi ilə bağlı təbliğat aparmaq istəyində ciddi dönüş yaranmışdır. Təbliğatın əsas ünvanları məhz Avropa İttifaqı strukturlarıdır. Eyni zamanda hədəflər də müəyyən edilmişdir ki, bu sırada ilk yerdə Avropa Parlamenti gedir. Erməni lobbisinin aktiv işlədiyi Avropa Parlamentində keçirilən tədbirlərin baykot edilməsi və yaxud iştirak edərək tədbirin keçirilməsinə mane olunması diaspora üzvlərinin prioritetinə çevrilib.

Paralel olaraq Azərbaycandan olan vətəndaş cəmiyyəti üzvlərinin, Avropa ölkələrində yerləşən səfirliklər və diplomatik nümayəndələrin iştirakı ilə keçirdiyi tədbirlərin də sayı artmaqda davam edir. Xüsusən, avropa məkanında fəaliyyət göstərən beynəlxalq təşkilatların cəlb olunması ilə belə tədbirlərin keçirilməsi ilə Azərbaycan tərəfi əldən verilmiş imkanlarını bərpa etmək istəyir.

Nəticələr

Avropa İttifaqı ilə bağlı müzakirələr onu göstərir ki, Azərbaycanda bu qrum ilə münasibətlərin qurulması və əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən illuziyalar mövcuddur. Avropa İttifaqı ilə bağlı əməkdaşlığın qurulması və dərinləşdiriləmsi üçün “Aİ və Türkiyə təcrübəsi” ictimai fikrə güclü təsir etmişdir. Türkiyənin uzun müddət Aİ ilə əməkdaşlığı üçün şərtlərin ağır olması və Türkiyənin bu şərtlərin bəzilərini yerinə yetirməsinə baxmayaraq Aİ-a üzvlük məsələsinin uzadılması Azərbaycanda “Aİ-nın xristian ölkələri klubu”, “müsəlman ölkələri üçün bağlı klub” olması fikrini dərinləşdirib.

Aİ ilə əməkdaşlıq müqaviləsinin imzalanmasının gecikməsi cəmiyyətdə bu qruma olan inamın azalmasına səbəb olur. Eyni zamanda elektron KİV-lərdə Avropa Birliyinə daxil olan ölkələr haqqında neqativ imicin yaradılması kampaniyası da burada təsirsiz ötüşməmişdir. Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kifayət qədər dəstək göstərməməsi fikri daimi olaraq mətbuatda müzakirə olunur. Rəsmi televiziya kanallarında çıxış edən ekspertlər və rəsmi şəxslər bu ümumi narahatçılığı daimi olaraq səsləndirirlər.

Avropa Ittifaqından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətinin gözləntiləri həddindən artıq şişirdilir. Azərbaycan cəmiyyəti münaqişənin həll olunması ilə bağlı bütün yükü Avropa İttifaqı və yaxud ATƏT MQ həmsədri olan ölkələrin üzərinə atırlar.

Avropa İttifaqı və Avropa Şurasında Azərbaycanda insan hüquqları və demokrtaiya ilə bağlı vəziyyətin tənqid olunması adı ilə qəbul olunan bəyanatlar və sanksiya çağrışları hakimiyyəti qıcıqlandırır. Aİ və AŞ-nın bu addımları hakimiyyətə yaxın mətbuat tərəfindən ölkədə anti-avropa təbliğatının gücləndirilməsinə imkan yaradır.

Azərbaycan hökumətinin Aİ ilə münasibətlərinin yeni mərhələsi üçün təklif olunan “Strateji əməkdaşlıq” sənədi ölkə daxilində siyasi institutlar və mətbuat üçün açıq deyildir. İndiyə kimi bu sənədin həqiqi mövcudluğu şübhə doğurur. İndiyə kimi sənədin üzünü görən olmayıb və sənəd ətrafında müzakirələr aparılmayıb. Xüsusən də yeni sənəddə DQ münaqişəsi ilə bağlı hansı təkliflərin olub-olmadığı ciddi narahatçılıq doğurur.

Aİ ilə münasiətlər, xüsusən əməkdaşlıq sazişinin imzalanması prosesi uzandıqca cəmiyyətdə avrointeqrasiya ilə bağlı illuzilayalar artır və inamsızlıq dərinləşməkdədir. 2009-cu ildən bu yana Şərq Tərəfdaşı Proqramı üzrə intetnsiv danışıqlar aparılmasına rəgmən, Azərbaycan indiyə kimi vacib olan əməkdsaşlıq razılaşmasını imzalamağa razı olmamışdır. Bu isə öz növbəsində Aİ ilə münasibətlərin inkişafına mane ola biləcək amilə çevrilmişdir.

Ölkə rəsmilərinin çıxışlarında və müsahibələrində əməkdaşlıq üçün inamlı addımların atılmasının vacibliyi qeyd olunmaqla yanaşı, münaqişənin həllində irəliləyişə nail olunmaması əsas gətirilərək Aİ-nın Ermənistana qarşı yumşaq siyasəti kəskin tənqid olunur. Azərbaycan cəmiyyəti  Avropa İttifaqından Ermənistanı işğalı dayanadırmağa təhrik etməyi gözləyir.

Təkliflər

–          Avropa İttifaqının siyasi institutları ilə bağlı məlumatların cəmiyyətdə az olduğunu nəzərə alaraq Azərbaycanda Aİ ilə bağlı məlumatlandırma kampaniyasının daha da intensiv aparılmasına ehtiyac  vardır;

–          Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan və Ermənistan cəmiyyətlərinin malik olduqları potensial kifayət qədər araşdırılmamışdır. Bu potensialın üzə çıxarılması və dəyərləndirilməsi üçün Aİ tərəfindən vacib addımlar atılmalıdır. Xüsusən də Avropa Birliyi tərəfindən DQ münaqişəsi ilə məşğul olan ekspertlərin bazasının yaradılması və onun inkişaf etdirilməsinə ehtiyac vardır.

–          Avropa İttifaqının münaqişə tərəflərinə təsir imkanlarını nəzərə alaraq Avropa Parmaneti, AVRONEST Parlament Assambleyası, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində mövcud olan müzakirə meydanlarının genişləndirilməsinə imkan yaradılmasına ehtiyac vardır. Burada əsas diqqət DQ münaqişəsi ilə bağlı  bu instiututlar çərçivəsində polemikaların aparılması, birgə tədbirlərin reallaşdırılmasını stimullaşdırmaq, birgə təşəbbüslərin Avropa İttifaqı tərəfindən dəstəklənməsinə yönəlməlidir.

–          Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması yolu ilə DQ münaqişəsi ilə məşğul olan siyasi instititutlar və ekspertlər ilə intensiv kommunkasiyanı dərinləşdirməli. Regionda münaqişə ilə bağlı baş verən hər hansı yeniliklər ilə əlaqədar əməkdaşlığın genişləndirilməsi zəruridir;

–          Azərbaycan hökumətinin Aİ ilə münasibətlərinin yeni mərhələsi üçün təklif olunan “Strateji əməkdaşlıq” sənədi Azərbaycan cəmiyyəti üçün, xüsusən vətəndaş cəmiyyəti üçün açıq deyildir. Həmin sənəd əsasən Azərbaycan hakimiyyətinin rəsmiləri ilə müzakirə olunur ki, onun təkmilləşdirilməsi işində vətəndaş cəmiyyəti aktiv iştirak edə bilmir. Bundan ötrü sənədin müzakirəsi prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin qoşulmasına ehtiyac vardır. Aİ hökumət ilə apardığı müzakirələrdə bu imkanın yaradılmasını müzakirə etməli və yaxşı nəticəyə nail olmalıdır;

–          Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə platformalarının zəif olması və yaxud daimi olmaması  cəmiyyətdə alternativ səsləri eşitməz etmişdir. Münaqişə ilə bağlı konstruktiv mövqelərin inkişaf etdirilməsi üçün ideyaların reallaşdırılmasına kömək edəcək məlumat mübadiləsi kanallarını inkişaf etdirməli və onları dayanıqlı etməlidir;

–          Avropa İttifaqı üzvü ölkələrinin vətəndaş cəmiyyəti institutlarının Dağlıq Qarabağ münaqişəsi ilə intensiv məşğul olmasına imkan yaradacaq resursları artırmaq, onların sülhyaratma prosesində iştirakını artıracaq layihələrə dəstəyini artırmaq. Eyni zamanda həmin təşkilatların yerli partnyor təşkilatlar ilə əməkdaşlığını davamlı etmək üçün irəli sürülən təşəbbüslər dəstəklənməsi vacib olardı;

–          DQ münaqişəsi ilə bağlı vəziyyəti dəyərləndirmək üçün Aİ institutlarının cəlb olunması ilə münaqişə ilə bağlı dinləmələrin təşkil olunması məqsədə müvafiqdir.

[1] (http://pao.az/az/elektron-kitabxana/a-azrbaycan-sazilriproqramlar/46-ts/file)
[2] http://ec.europa.eu/europeaid/where/neighbourhood/overview/how-does-enpi-work_en.htm
[3] http://ec.europa.eu/world/enp/pdf/country/enpi_csp_azerbaijan_en.pdf
[4] http://pao.az/az/elektron-kitabxana/a-azrbaycan-sazilriproqramlar/86-a-azrbaycan-falyyt-plani/file
[5] http://www.europarl.europa.eu/sides/getDoc.do?type=TA&reference=P7-TA-2013-0446&language=EN
[6] http://publika.az/news/dunya/127257.html
[7] https://news.day.az/azerinews/947689.html
[8]http://www.euronest.europarl.europa.eu/euronest/webdav/site/mySite/shared/general_documents/sixth_ordinary_session_2017/statements/nest_6th_bureau_message.pdf
[9] http://www.consilium.europa.eu/media/21526/riga-declaration-220515-final.pdf
[10] “Aİ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ DAİR FAKTLAR”
[11] (Joint Proposal for a Council Decision on the conclusion, on behalf of the European Union, of the Comprehensive and Enhanced Partnership Agreement between the European Union and the European Atomic Energy Community and their Member States, of the one part and the Republic of Armenia, of the other part)
[12] https://apa.az/xarici_siyaset/avronest-haqqinda-mulahizeler.html
[13] http://www.1news.az/az/news/ai-nin-cenubi-qafqaz-uzre-yeni-xususi-numayendesi-teyin-olunub
[14] http://epnk.org/about-us
[15] http://president.az/articles/15880
[16] http://xezerxeber.az/son_x%C9%99b%C9%99r/183119.html
[17] http://muxalifet.az/azrbaycan-avropa-birliyindn-prinsipial-movqe-istyir-azrbaycan-xin.html
[18] https://az.trend.az/azerbaijan/karabakh/2324909.html
[19] https://jam-news.net/?p=62180&lang=az-AZ
[20] 13. Azərbaycan beynəlxalq aləmdə, Səhifə 32, http://files.preslib.az/projects/azerbaijan/gl9.pdf

Əvəz Həsənov

Humanitar İctimai Birliyinin sədri

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s