Paşinyanın hakimiyyətə gəlişi Qarabağ danışıqlarında müsbət dəyişiklik yaradacaqmı?

Pashinyan11Nikol Paşinyanın gözlənilmədən hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda müsbət dəyişikliyə yol aça biləcəyi ilə bağlı müəyyən ümidlər yaradıb.

Lakin bu ümidlər nə qədər realdır?

BBC Azərbaycanca Qafqaz üzrə yerli və beynəlxalq ekspertlərlə danışaraq Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsinə nə təsiri olacağını öyrənib.

“Yanlış təəssürat”

“Məncə Azərbaycanda yanlış bir təəssürat yaranıb ki, Qarabağ məsələlərinə gəldikdə Paşinyan daha sülh yönümlüdür”, Britaniyada mənzillənən Chatham House araşdırma mərkəzinin Rusiya və Avrasiya proqramının təhlilçisi Laurence Broers deyib.

Lakin, o, Azərbaycanda siyasi liderlərin buna nə qədər inandığını deməyin çətin olduğunu bildirib.

“Digər uzunmüddətli münaqişələrə baxdıqda görürük ki, rəqib olan ölkələrdə cəmiyyətin daha da açılması müşahidə olunsa belə, düşmənçilik hissi qalır… və yeni liderlər də təhlükəyə həssas olurlar və təhlükəsizlik məsələlərində etimadlı olduqlarını göstərmək istəyirlər”, o qeyd edib.

Ermənistan liderinin “çox təhlükəli” vəziyyətdə olduğunu deyın cənab Broers, “təhlükəsizlik və geosiyasətdə” Nikol Paşinyanın zəif olduğuna görə bu mövzularda onun hələ ki, böyük addımlar atmadığını vurğulayıb.

“Onun manevr məkanı məhduddur”, cənab Broers deyib, “biz onun Qarabağ üzrə fərqli siyasətə sahib olması barədə mülahizələri şişirtməməliyik”.

“Münaqişəyə gəldikdə Respublikaçı Ermənistan Partiyası ilə Paşinyanın geniş strateji hədəfləri çox da fərqlənmir.”

O, Paşinyanı hakimiyyətə gətirən etiraz hərəkatının Qarabağ münaqişəsindən daha çox, yerli məsələlərə üstünlük verdiyini, islahat, yerli siyasət və korrupsiyaya qarşı mübarizə çağırışları üzərində qurulduğunu deyib.

İlham Əliyevlə əlaqələrə gəldikdə, cənab Broers qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan prezidenti ilə əlaqələrinin “sələfindən pis olması mümkün deyil – ünsiyyətə gəldikdə isə bunu proqnoz etmək hələ ki, çətindir”.

O, Qarabağın erməni və azərbaycanlı icmalarının danışıqlarda iştirakının orta və uzun müddətli baxımdan mümkünlüyünü, lakin bunun “çox həssas” məsələ olduğunu deyib.

“Bakı bir növ istədiyinə nail olub – artıq Qarabağ klanı yoxdur. İndi isə onlar ünsiyyət qurmağın yolunu tapmalıdırlar”, cənab Broers əlavə edib.

“Daha ehtiyatlı və daha sərt”

Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan, adi insanların qeyri-zorakı etirazlarla hakimiyyətin dəyişməsinə nail olmasını Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir göstərəcəyini deyib.

“Daha dəqiq desəm, artıq aydındır ki, Dağlıq Qarabağ mövzusunda Ermənistanın yeni hökuməti strateji səbəblərə görə daha ehtiyatlı, bəlkə də daha sərt bir mövqeyə çəkiləcək”, o əlavə edib.

O, yeni hökumət üçün daxili siyasətin, o cümlədən iqtisadi və siyasi islahatların əsas prioritet olacağını və xarici siyasətdə heç bir dəyişikliyin olmayacağını qeyd edib.

Cənab Giragosyanın zənnincə buna digər bir səbəb, “təhlükəsizlik və ya hərbi məsələlər baxımından yeni hökumətin zəif” olmasıdır, çünki “yeni nazirlərin əksəriyyətinin Dağlıq Qarabağla əlaqələri yoxdur”.

Bu səbəblərdən, o, “ən azı bu ilin sonunadək” diplomatik əlaqələrdə “yavaşlama” və bəlkə də Ermənistanın Azərbaycanla əlaqələrinin prezident səviyyəsindən nazirlər səviyyəsinə enəcəyini gözləyır.

Cənab Giragosyan hesab edir ki, orta və uzun müddətdə Ermənistan hökumətinin daxili gücü artdıqca onun xarici siyasətcə fəallaşmasını ehtimal etmək olar.

Onun sözlərinə görə, yeni hökumət Qarabağa bağlılığının olmadığına görə daha praqmatik mövqe tuta bilər.

Baş nazirin Qarabağdakı erməni icmasının danışıqlarda iştirakı barədə qeydlərini xatırladan cənab Giragosyan deyir ki, buna səbəb indiyədək bütün səylərin nəticəsiz olması və bunun, yeni bir üsul olaraq, bəlkə də daha uğurlu olacağına inamdır.

O, Paşinyanın yeni komandasının Azərbaycanla əlaqələri yenidən qurmaq imkanının olduğunu, lakin tərəflər arasındaki kəskin mövqe fərqliliyinin mövcud olmasına görə maneələrin hələ də ciddi olduğunu qeyd edib.

Münaqişənin həllində “kompromis və razılığın” mühüm olduğunu və Paşinyanın da bunu anladığını deyən cənab Giragosyan, eyni vaxtı Ermənistanda ictimai rəyin “əks istiqamətdə” irəlilədiyini bildirib.

“Gözlə və müşahidə et”

Chatham House araşdırma mərkəzində ekspert və Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, azlıq hökumətini idarə etdiyinə görə Paşinyanın taleyinin yalnız bu seçkilərdən sonra müəyyən olunacağını deyib.

Bu səbəbdən, o, bu baş verənə qədər Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqe tutmasının məlum olmayacağını bildirib.

“Onların Sarkisyandan fərqli yanaşmaları ola bilər – kompromisə daha yaxın, vəziyyəti daha real qiymətləndirən – amma bunu biz yalnız seçkilərdən sonra görə bilərik”, cənab Şiriyev deyib.

O, Ermənistan parlamentində çoxluq təşkil edən və Paşinyanın əsas rəqibi olan Ermənistan Respublikaçı Partiyasının (ERP), Paşinyanın ictimai nüfuzuna Dağlıq Qarabağ münaqişəsi vasitəsilə mənfi təsir göstərməyə imkanları olduğunu bildirib.

“Ona görə də onlar öz ritorikalarında müəyyən qədər sərtlik nümayiş etdirdilər, çünki göstərməyə çalışdılar ki, Dağlıq Qarabağ münaqişəsinə onların mövqeyi sələflərindən fərqli deyil”, cənab Şiriyev qeyd edib.

Lakin o, Paşinyanın əvvəlki sərt ritorikasının getdikcə “normallaşdığını” da vurğulayıb.

O bildirib ki, Paşinyanın Qarabağla bağlı 2016-cı ildən etibarən sərt çıxışlarının əsas səbəbi onun şəxsi mövqeyinin ifadəsindən daha çox, Sarkisyan hökumətini tənqid etmək üçün istifadə etdiyi bir üsul olduğunu başa düşmək lazımdır. Lakin eyni zamanda Paşinyanın 2008-ci il Ermənistan prezident seçkilərində keçmiş prezident Levon Ter-Petrosyanla eyni komandada olması “onların Dağlıq Qarabağ münaqişəsinin həllində oxşar fikirləri bölüşdükləri və eyni həll yoluna inandıqları mənasına da gəlmir”.

Cənab Şiriyev Paşinyanın, Ter-Petrosyanla keçmiş müttəfiqliyini əsas səbəbinin onların oxşar siyasi mövqedən çıxış etmələrindən daha çox, hakimiyyətdəki qüvvələrə qarşı seçki dövründə mübarizə aparmaq üçün praqmatik əməkdaşlıq olduğunu qeyd edib.

O həmçinin qeyd edib ki, “hazırki hökumətdə Dağlıq Qarabağ münaqişəsində daha fərqli mövqe nümayiş etdirmək üçün yetərli mandata malik olmadıqlarını da düşünə bilərlər.”

Cənab Şiriyevin sözlərinə görə, mayın 15-i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk Qrupu ilə Parisdə görüşünə qədər, Ermənistan tərəfindən hər hansı bir görüş barədə bir məlumat və ya reaksiya yox idi.

“Yalnız Azərbaycan tərəfi görüş keçirəndən sonra, ATƏT Minsk Qrupu həmsədrlərinin təsirilə artıq Ermənistan tərəfi razılıq verib ki, iyun ayında ATƏT Minsk Qrupu ilə Ermənistan xarici işlər naziri arasında görüş baş tutsun”, o deyib.

Paşinyanın Dağlıq Qarabağ münaqişəsindən mənfəət əldə etmədiyini qeyd edən cənab Şiriyev, bunun Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib, lakin o, Ermənistanda hökumət dəyişikliyinin münaqişənin həllinə mənfi təsiri olduğunu da bildirib.

“Mənfi təsir odur ki, yanvar ayında xarici işlər nazirlərinin görüşü baş tutmuşdu və orada bəzi məsələlər müzakirə olunmuşdu və hətta bəzi məsələlər üzrə prinsipial razılıq əldə edilmişdi,” o qeyd edib. Bu görüşdə Azərbaycan üçün prinsipial məsələlərdən biri ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərə növbəti səfərinin tezliklə təşkil edilməsi idi və bunun üçün Ermənistan tərəfinin də razılığı lazımdır. 2010-cu ildəki missiya işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsi kimi faktları üzə çıxartmışdı.

O hər iki ölkədə seçkilərin aprel ayında baş verdiyinə görə, yanvar ayındakı danışıqların daxili sabitlik şəraitində davam edəcəyi təəssüratı yarandığı, lakin Ermənistandakı hökumət dəyişikliyinin bu prosesə mənfi təsir göstərdiyini deyib.

Cənab Şiriyev hazırda iki ölkə arasında hərhansı formada rəsmi dialoqun olmadığını deyərək, bu müddətdə anlaşılmazlıqların yaranması təhlükəsinin də mövcud olduğunu və bunu cəbhə xəttində gərginliyin armasına səbəb olacağını deyib.

Şiriyev və Giragosyan, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycan rəsmilərinin bəyanatlarında sərt ritorika yerinə daha çox konstruktivlik nümayiş etdirildiyini diqqət gətirərək, bunun Azərbaycan hökumətinin yeni Ermənistan hökumətinə həssaslıqla yanaşmasının bir əlaməti kimi qiymətləndiriblər.

“Bu, məncə, olduqca müsbət hal və konstruktiv mövqe idi. Qısaca hazırda Azərbaycanın mövqeyini gözlə və müşahidə et siyasəti şəklində qiymətləndirmək olar”, cənab Şiriyev deyib.

Fotonun müəllifiSERGEI GAPON/AFP/GETTY IMAGES

http://www.bbc.com/azeri/region-44320090?ocid=socialflow_facebook

 

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s