Əvəz Həsənov: “Öyrənmək üçün isə hər zaman açıq olacaqsansa, qəlbən cavan olacağına tam əmin ola bilərsən”

AVAZ ann.AZHumanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovla müsahibə.

Əvəz bəy, əvvala Sizi  yubileyiniz münasibətilə təbrik edirik, can sağlığı, uzun ömür və uğurlar arzulayırıq. Yubley ərəfəsində oxucularımız üçün maraqlı olardı, sizin uşaqlığınız necə keçib?

Mən bir ucqar kənddə, sovet hökumətinin qayğıları və problemləri ilə yaşayan bir ailədə anadan olmuşam. Ana babam uzun müddət kənd sovet katibi işləyib, ata babam isə daha çox heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olub öz ailələrini dolandırıblar. Halal bir ömür sürüblər. Atam mən hələ dünyaya gəlməmiş rəhmətə getdiyindən onun haqqında təsəvvürlərim mifik bir obraz haqqında təsəvvürlərə bənzəyir. Bildiyim odur ki, cəmi 30 il ömür sürməsinə baxmayaraq bu gün onu tanıyan qohumları, dostları və təmasda olduqları adamlar çox böyük hörmətlə xatırlayırlar. Onu da deyim ki, uşaq vaxtları mənimlə görüşən hər kəs atamın cəsarətli, hörmətcil və ürəyi açıq adam olduğunu xatırlamaqla məni də dəyərləndirirdilər.

Yazılarınızda babanızın sizin böyümənizdə rolundan yazmısınız…

Bəli. Mənim ana babam, Yusif Səmədov uzun müddət kənd sovetinin katibi işləyib. Bizim kənd bir neçə sovetliyi özündə birləşdirdiyindən rayonda və sovetlikdə hamı onu tanıyır və elə bir adama rast gəlməzdim ki, kimsə onun haqqında mənfi bir şey danışsın. Atam rəhmətə gedəndən sonra o bizi himayəsinə götürür və böyüdür. Mənim 8 dayım və bir xalam olub. Dayılarımdan biri Tahir Səmədov  1994-cü il Fevral ayında Kəlbəcərə hucum əməliyyatı zamanı şəhid olub. Biz onlarla bir ailədə böyümüşük. Bütün ən yaxşı və humanist xüsusiyyətlərimin formalaşmasında babamın böyük rolu olub. Orta məktəbə kiçik dayımla birgə getmişəm. Babam kiçik dayımı diğər uşaqlardan daha çox sevdiyindən mənim payıma ikiqat sevgi düşüb. Heç zaman o məni öz oğullarından fərqləndirməyib, dayılarım da hər zaman mənə qardaş deyə müraciət ediblər.

Siz deyəsən məktəbə bir az tez getmisiniz, necə oldu ki, sizi məktəbə qəbul etdilər?

Qeyd etdiyim kimi kiçik dayım 1-ci sinifə gedəndə mən də ağlayaraq ona qoşulmuşam. Sakitləşdirmək üçün mənə də məktəbli forması, çanta alıb məktəbə aparıblar. Bizim çox sevimli bir ibtidai sinif müəllimimiz var idi – Sona müəllimə. O, imkan verib ki, bir neçə gün məktəbə gedib-gəlim ki, ürəyimi sındırmasınlar. Mart ayında 5 yaşım tamam olmuşdu və sentyabr ayında məktəbə getmişəm. Beləcə, bir neçə gün olub bir ay. Sonda babam ərizə yazıb ki, məni 1-ci sinifə götürsünlər. O vaxt rayon maarif şöbəsindən cavab veriblər ki, “əgər uşaq proqramı yaxşı mənimsəyə bilirsə onu qəbul etmək olar”. O vaxtan da mən özümdən 2 yaş böyük uşaqlar ilə orta məktəbi oxudum.

Bəs dərslərinizi necə oxumusunuz?

Müəllimlərim buna daha yaxşı cavab verərdilər… Riyaziyyat və həndəsədən çox da yaxşı qiymətim olmayıb. Amma, humanitar fənləri heç də pis oxumurdum. Bizim məkəbin müəllimləri savadlı və tələbkar olduğundan onlardan yüksək qiymət almaq müşkül məsələ idi. Onların şagirdi stimullaşdırmaq üçün öz metodları var idi. Yadımdadır mənə yaxşı oxumağımı zənn etdiyim halda tarixdən həmişə 4 qiymət yazan müəllimi bir dəfə “mənə 5 yazmasanız jurnalı ciracam” deyə hədələmişdim. Rəhmətlik Məhəmməd müəllim sona qədər mənə çox təsadüfi halda 5 qiyməti verirdi. Lakin, son zəng ərəfəsində etiraf etdi ki, “sənə 5 yazsaydım arxayınlaşıb tarixi oxumayacaqdın. İndi əminəm ki, ən yüksək bal alacağın fənlərdən birincisi tarix fənni olacaq”.

Uşaq vaxtı atəşpərəstlik ilə maraqlanmısınz. Nə baş vermişdi sizin baxışlarınızda?

Təxminən 13 yaşım olan zaman Bakıda təhsil alan həmyerlimin kitablarının içərində “Avesta” kitabını görmüşdüm. Bizə məktəbdə novruz adət-ənənələrinin zərdüştilikdən gəldiyini danışdıqlarından elə bilirdim ki, “Avesta”nı oxumaqla novruzla bağlı bütün suallara cavab tapacam. Nəticədə tamam başqa hisslər oyandı məndə. Zərdüşt peyğəmbərin şəxsiyyəti, atəşpərəstliyin qaydaları, qatalar məni valeh etdi. Atəşpərəstliyin təməl prinsipləri – Xeyirxah fikir, xeyirxah soz və xeyirxah əməl yaddaşıma uzun zaman həkk oldu. Hətta, özümü Atəşpərəstlərin dini lideri kimi təsəvvür edirdim. Bu hisslərimi açıq deməyə çəkinirdim. Ətrafımda olanların qəzəbindən qorxurdum. Lakin, tələbəlik illəri və milli azadlıq hərəkatı iman yaratdı ki, atəşpərəstliyə inancımı açıq etiraf edim. Atəşpərəstliyin rituallarını öyrənməyə başladım. İrandan olan atəşpərəstləri öyrəndim, onlardan iki nəfəri ilə beynəlxalq konfrans zamanı tanış olduqdan sonra Bakıya dəvət etdim və çoxlu söhbətlərimiz oldu. Sonralar başa düşdün ki, bu mənim üçün  daha çox fəlsəfi cərəyandır, nəinki, din.

İnstitututa qəbul olunan zaman da ən azyaşlı tələbə siz olmusunuz…

İncəsənət İnstitutuna sənəd verən zaman mən 16 yaşın içərisində idim. Məni hətta, qapıda dayanan qadın imtahana buraxmırdı. Balaca boy və uşaq çöhrəsi ilə mənim sənəd verdiyimə inanmırdılar. Taleh elə gətirdi ki, 2 imtahandan 5 alandan sonra artıq dekan və rektor mənimlə maraqlandılar. İlk imtahanları uğurla verdikdən sonra artıq tələbə olacağım heç kimdə şübhə doğurmurdu. Amma, yenə sona qədər inamım yox idi ki, məni bu yaşda instituta qəbul edərlər.

Amma, qəbul olundunuz və pis də nəticələriniz olmadı. Sona qədər yaxşı tələbə kimi qala bildinizmi?

İnstitutda 2 kurs əlaçı təqaüdü aldım. 1989-cu il hadisələri, xüsusən də meydanda mitinqlərin başlanmasından sonra təhsilə marağım azaldı. Müntəzəm olaraq mitinqlərə gedirdik. Fakultə komsomol katibi olmağıma baxmayaraq Xalq Cəbhəsinin təşkil etdiyi tədbirlərdən kənarda qalmırdıq. 1990-cı il yanvar hadisələri isə instituta marağımızı tam azaltdı. Əlaçı, zərbəçi təqaüdündən adi təqaüdə düşdüm.  44 nəfərlə  Komsomol sıralarından etiraz əlaməti olaraq çıxmağımızla və 20 yanvar hadisələrindən dərhal sonra Azərbaycan SSR baş Prokuroru İlyas İsmayılovun institutun akt zalında çıxışına etirazımız bizim istitutdan qovulmağımızı artıq reallaşdırmşdı. O zaman institutda vətənərvər adamların sayəsində etiraz edən 4 nəfər qovulmaqdan xilas olduq.

Tələbəlik illərində o zamankı Lenin meydanında keçirilən mitinqlərə də qatılmısınız…

Bəli, bu romantic bir dövr idi. Bizim İnstitut şəhərin mərkəzində olduğundan mitinqə gedən dəstələr bizim küçədən keçirdi. İstədik-istəmədik küçəyə çıxıb onları seyr edir, onlara qoşulurduq. 1988-ci il 17 noyabrdan başlayan oturaq mitinqdə iştirak edirdik. Bəzən özümüzə mitinq zamanı “İş” tapırdıq. Meydanda müxtəlif bölgələrdən və müəssisələrdən ərzaq dolu maşınlar gəlirdi. Səhər müydanda qalan insanlara yemək hazırlamağa, onlar yeməyə qonaq etməklə də məşğul olurduq. Meydandan son dəfə dekabrın 3-də çıxdıq. Artıq tanklar meydanı əhatəyə almışdı. Paltarlarımız tonqalların ətrafında oturduğumuzdan çirklənmişdi və dəyişmək üçün evə getdik. Səhərisi nahardan sonra qayıdanda bizi meydana buraxmadılar. Meydan tutulmuşdu.

İnstitutdan sonra nə işlə məşğul oldunuz?

İnstitutu bitirdikdən sonra təyinatımı Bərdəyə verdilər. Bərdə rayon mədəniyyət sarayında işə qəbul olunsam da orda işləmədim. Bir müddət Kəlbəcər rayon mədəniyyət evində işləsəm də əsas işim Bakıda informasiya agentliklərinə xəbər hazırlamaq idi. 1991-ci ildə Sosial-Demokrat Partiyasına gəldim. Qəzet buraxmaq həvəsim həddindən çox olduğundan “Təkamül” adlı qəzet buraxırdım. Onu Sosial-Demokrat Partiyasının Kəlbəcər rayon şöbəsinin orqanı kimi göstərdik ki, bizə onu çap etməyə imkan versinlər. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə 1993-cü ilə qədər onun nəşrini dayandırmaqdıq. Cəmi 11 nömrə buraxdıq. Onu Bakıda qəzet kimi qeydiyyatdan keçirməyə cəhd etsəm də buna nail ola bilmədim. 1992-ci ildən sonra isə Sosial-Demokrat Partiyasında aktiv çalışdım. Partiyanın Mərkəzi Komitəsinin üzvü, Gənclər Təşkilatının sədri oldum. Eyni zamanda journalist kimi də çalışırdım. Qazax rayonunda OMON-çuların üsyanı, Gəncə hadisələri ilə bağlı xəbərlərin hazırlanmasında az işləmədik.

Demək olar ki, sizin QHT sferasına gəlişiniz də həmin vaxtdan başlayıb…

1993-1995-cil illər maliyyə baxımından ən çətin günlərim olub. Patiyada çalışmağıma baxmayaraq əmək haqqı yox idi. Ailəmi olandırmaq üçün müxtəlif sahələrə baş vururdum ki, dolana bilək. Naxçıvan hoteli tikilən zaman orada fəhlə və sonradan tabelçi işlədim, Bakı Kondisioner zavodunda cilalayıcı, restoranlarda qarderobçu və ofisiant işləyirdim. Hər yerdə də ali təhsilli olduğumu və siyasi mənsubiyyətimi də bilmirdilər, yoxsa işə götürməzdilər. Paralel olaraq hüquq müdafiəçisi Eldar Zeynalovun təklifi ilə Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzini təsis etdik. O gündən də QHT “karyeram” başladı.

Amma, siz dövlət işinə də baş vurdunuz…

Hə, olub elə bir şey… 1995-ci ildə Gənclər və İdman Nazirliyi yeni yaranmışdı və gəncləri işə qəbul edirdilər. Mən də sənədlərimi və 4 səhifəlik “gənclər siyasəti” haqqında təsəvvürlərimi nazirliyə göndərdim. Səhərisi gün mən çağırıb işə götürdülər. Bir il işlədikdən sonra nazirlikdən getmək qərarına gəldim. Nazir Əbülfəz Qarayev getməyimə razı deyildi. Amma, aldığım əmək haqqı az olduğundan və Soros Fondunun Miqrasiya üzrə bir proqramında yaxşı əmək haqqı ilə iş təklif olunduğundan razı sala bildim.

Yəqin ki, sonradan peşman oldunuz bu işdən ayrılmağınıza görə? Çünki, sizinlə işləyən dostlarınız sonradan müxtəlif vəzifələrə gətirildilər.

İşdən gedərkən, daha çox kollektivlə ayrılmağıma peşman idim. Çünki, həm idarə rəislərimiz, həm nazirlə münasibətlərimiz heç zaman pis olmamışdı. Onların xoş münasibətləri üçün bu gün də darıxıram və münasibətimizi saxlayıram. Mənim vətəndaş cəmiyyəti sahəsində sərbəstliyim, dövlət qulluğu üçün yaramırdı. Hətta, sonralar 10 ay Nazirlər Kabineti ilə Beynəlxalq Miqrasiya İdarəsinin “Azərbaycanın miqrasiya potensialının yaradılması” layihəsinə ekspert kimi cəlb olunsam da mətbuatda müsahibələrimə görə oradan uzaqlaşdırdılar. Vəzifədə olan dostlar ilə əlaqələri saxlasam da, özümə fərqli bir yol tutmuşdum.

Uzun müddət Ermənistana və Dağlıq Qarabağa səfərlər etmisiniz. Sizin səfərlərinizə heç zaman birmənalı münasibət olmayıb. Doğrudanmı sizin səfərləriniz nəyisə dəyişə biləcəyinə ümid edirdiniz?

İlk dəfə Qarabağa 2000-ci ildə səfər etmişəm. 2000-ci ildən 2008-ci ilədək İtgin düşmüş şəxslərin azad olunması üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru olmuşam.  Bütün səfərlərimiz ərzində itgin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üzrə məlumatların dəqiqləşdiriləməsi ilə məşğul olmuşuq. 7 il ərzində müntəzəm olaraq Ermənistana və Dağlıq Qarabağda oldum və sadə insanlar ilə yanaşı rəsmi adamlarla görüşürdük. Demək olmaz ki, əsir və girovlar problemində ciddi nəticələrə nail olduq. Bu problemin həlli üçün Azərbaycan və Ermənistan hakimiyyətinin konkret istəyi olarsa çox problemləri çözmək olar.

Sizin Azərbaycanlı olduğunuzu bilrdilərmi səfərdə olduğunuz müddətdə?

Təbii ki, görüşdüyümüz adamlar Azərbaycanlı olduğumu bilirdi. Ermənistanda ola bilsin ki, az tanısalarda Qarabağa mənim səfərim barədə məlumat verilirdi mətbuatda. Yerli televiziya rəsmilər ilə görüşlərimiz barədə xəbərlər verirdi.

İnsanlar sizi necə qarşılayırdılar?

Görüşdüyümüz adamlar üçün Azərbaycanlını əcnəbilər ilə birgə evlərinin həndəvərində, kəndlərində görmək təbii ki, asan deyildi. Buna baxmayaraq, mənə həmişə hörmətlə yanaşılıb. Bilirsiniz, düşmən ölkədən gələn istənilən adamı pravokasiyaya çəkmək asandır. Xüsusən jurnalistlər hər zaman sensasiyon xəbər axtarışında sənin səfərinin mahiyyətindən çox ölkə haqqında nələri deməyinə daha çox təhrik edirlər. Səfərdə olduğum müddətdə Azərbaycanın problemlərini çatdırmaqla öz neytrallığımı qoruya bildim, beynəlxalq təşkilatın təmsiçisi olduğumu heç zaman unutmurdum. Əminəm ki, mənim üçün istənilən münasib vaxtda Ermənistana və Qarabağa səfər etmək problem olmayıb.

Siz neytrallıqdan danışdınız. Sizi tolerant adam saymaq olarmı?

Tolerant olmaq üçün yəqin ki, çox çalışmalıyam. Daha çox dözümlü və səbrli olmaq, başqalarının fikrinə hörmət etməklə tolerant olmağın astanasında olursan. Ola bilsin ki, yaşlandıqca daha çox tolerant olmaq mümkün olacaq. Bir dəfə mühazirələrim zamanı demişdim ki, “dəyirmi masa arxasında müzakirə zamanı heç vaxt başlanğıcda konkret fikir və mövqe ortaya qoymuram”. Bu məncə tolerantlıq üçün yaxşı imkanlar açır.

Dostlarınızın sayı yəqin ki, çox olar, düşmənləriniz necə varmı?

Bəli, dostlarım az deyil. Onların içərisində Azərbaycanlılardan başqa müxtəlif millətlərin nümayəndələri vardır. Elə dostlarım var ki, müxtəlif ölkələrdə yaşamağımıza baxmayaraq 20 ildir ki, dostluğumuzu davam etdiririk. Düşmənlərimin olduğunu açıq şəkildə görməmişəm. Hesab edirəm ki, olmamış deyil. Çünki, insanlara mənim etdiklərim o qədər də xoş gəlmir.

2004-cü ildə siz bir neçə gün mətbuatın tənqid obyekti oldunuz, nə baş vermişdi?

Qarabağda səfərdə olarkən jurnalistlər dediklərimi bir az təhrif etmiş, Azərbaycanlı jurnalistlər isə mövqeyimi öyrənmədən haqqımda inanılmaz şərhlər yazırdılar. İş o yerə çatməşdı ki, beynəlxalq təşkilatlar Bakıya dönməyimdən ehtiyyat edir, mühacirətə getməyimi təklif etdilər. Lakin, Bakıya qayıtdım və heç kimlə haqq hesab çürütmədən öz işimlə məşğul oldum. Haqqımda nə yazılmasının fovqündə deyildim. Həyatımda ən düzgün qərarlardan biri idi bu.

Mühacirət Szin üçün çətin olardımı?

İstənilən ölkənin mədəniyyəti və sosial həyatına uyğunlaşmaq o qədər də çətin deyil. Bunun müəyyən qaydaları var, onu mənimsədikdən sonra tez uyğunlaşa bilərsən. Mənim mühacirət imkanlarım çox olub. Dünyanın ən vacib ölkələrində olmuşam, onların miqrasiya prosedurlarını və miqrantların vəziyyətini öyrənmişəm. Hesab edirəm ki, etdiklərimə Azərbaycanda daha çox ehtiyac var, o üzdən də mühacirətə həvəsim olmayıb.

Belə çıxır ki, vətəndə öz arzularınızı və imkanlarınızı reallaşdıra bilirsiniz?

Təəssüf ki, yox. Son 25 illik fəaliyyətim vətəndaş cəmiyyəti ilə bağlıdır. Vətəndaş cəmiyyətinin xətti ilə ölkədə çox şeylərə nail olmaq istəsəm də imkanlarmız məhdudlaşıb. Xüsusən konflikt ilə məşğul olduğumdan bu sahədə durğunluq arzularıma da az təsir etməyib. Maddi imkanım o qədər yaxşı olmasa da həyatdan zövq almağı bacarıram. Təbii ki, ailəmin sosial durumunu yaxşılaşdıra bilməməyim son illər məni daha narahat edir. Digər uğurlara nail olmaq çox asandır.

Boş vaxtlarınızda nələri oxuyursunuz?

Indi daha çox işimlə əlaqədar yazıları, hesabatları və ədəbiyyatı oxuduğumdan evdə və işdə mütailə ilə məşğul olmağa vaxt olmur. Bədii ədəbiyyatı daha çox səfərlərim zamanı təyyarədə, qatarda və avtobusda oxuyuram. Əsas sevdiyim mövzular tarixi romanlar, memuarlar, insanın hisslərini və yaşamını təsəvvür edən romanlardır. Fəlsəfi düşüncə məni daha çox cəlb edir. Detektiv romanları o qədər də sevmirəm. Hesab edirəm ki, klassiklərin əsərlərini oxumadan insanın özünü formalaşdırması çətin təsəvvür edilir. Həyatla mübarizədə qalib olmaq üçün Ernest Heminqueyin “Qoca və dəniz” əsərini necə oxumayasan?  Eləcədə, “Karamazov qardaşları” romanını…

Sizin tələbələr üçün münaqişələrin həlli ilə bağlı mühazirənizdə olmuşam. Sizi asanlıqla bir nəfəsə dinləyirdik, amma, dedikləriniz ilə razılaşmaq çətin idi. Xüsusən də ortaq məxrəc tapmaq təklifiniz qorxulu deyilmi?

Ola bilsin ki, insanlar itirdikləri ilə barşmağa heç zaman öyrənməyəcəklər. Bunu tam olaraq qəbul edirəm. Münaqişənin həllində də itirən tərəf çalışır ki, danışıqlar prosesində sıfırdan başlasın. Hər zaman buna nail olmaq olmur. Deməli, münaqişənin həll olunmasını istəyiriksə, müxtəlif variantların nəzərdən keçirilməsinə hazır olmalı və onu sınaqdan çıxarmalıyıq ki, mövqeyimizi daha da möhkəmləndirə bilək. Dağlıq Qarabağ münaqişəsi asan həll olunan münaqişəyə oxşamır, çünki, bizim qarşımızda hər cür çətinliklərlə yaşamağa öyrəşən erməni milləti və onları öz marağı üçün istifadə etməyə vərdiş etmiş Rusiya var.

Həyatda zövq aldığınız nəsə varmı?

Hər bir insan üçün həyatın zövqlü anları var. Yaşayaraq zövq almaq hiss və duyğudur. Elə insanlara rast gəlmişəm ki, milyonları olsa da, özünü xoşbəxt saya bilməyib. Bəzən ən minimum həyat şəraiti olan insanları tanıyıram ki, onlar hər bir andan belə ləzzət almağı bacarırlar. Xüsusən Gürcüstanda bunun şahidi olmuşam. İnsanlar yaxşı şəraitdə yaşamasalar da zövqlü bir ömür sürürlər. Onlar üçün yaxşı ömür, dəbdəbəli ev, maşın və s deyildir. Dünyanın əksər ölkəsini gəzməyim mənim üçün ən maraqlı anlar olub.

Ailəniz sizin uzun müddət səfərlərdə olmağınıza necə vərdiş edib?

Onların qarşısında ən çox özümü buna görə günahkar sayıram ki, ailəyə az vaxt ayıra bilirəm. O qədər də sevməsələr də artıq öyrəşiblər. Bir neçə il bundan əvvəl fasiləsiz səfərlərim olmuşdu. Elə oldu ki, Almaniyaya, Belçikaya, Türkiyəyə, Gürcüstana və oradan isə Qazax rayonuna tədbirə gəldim. Tətil vaxtları olduğundan xanımımdan xahiş etdim ki, uşaqları da götürüb Qazaxa gəlsinlər ki, bir neçə gen dincələk. Kiçik qızım səfərə hazırlaşaraq deyib ki, “biz atam gilə gedirik”.

Səyahət etdiyiniz ölkələr və şəhərlər içərisində hansılarını daha çox sevirsiniz?

Sevdiyim ölkələr arasında Avropa ölkələri daha çoxdur. Ancaq, Nepala daha çox üstünlük verirəm. Sevdiyim şəhərlərin arasında isə Praqa, Vyana, İstambul, Tbilisi və onlarla şəhərlər vardır.

 Əvəz bəy, düşünürsünüz ki, hər şey elə 45 yaşa çatdığınız kimi davam edəcək, yoxsa daha fərqli gözləntiləriniz olacaq?

Heç bu barədə düşünməmişəm. Hesab edirəm ki, 45 yaşa qədər əgər ciddi səhvlərim olmayıbsa həyata yanaşmanı beləcə davam etdirsəm peşman olmaram. Aydındır ki, artıq yaşlaşdıqca əvvəlki enerjini saxlamaq çətin olacaq. Qoç bürcü altında doğulmağımla bəxtim gətirib. Çünki, səhv etməkdən qorxmuram. Bu mənim kompleksiz yaşamağıma çox təsir edib. Bundan sonra da belə olacaqsa sevinəcəm. Son dövrdə qazandığım dostlar, münasibət yaratdığım insanlardan çox şey öyrənə bildim. Öyrənmək üçün isə hər zaman açıq olacaqsansa, qəlbən cavan olacağına tam əmin ola bilərsən.

Müsahibəni aldı: Vəfa

This entry was posted in Intervew. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s