“Video-dialoq” şəhərlər arasında məsafəni yaxın etdi

Azərbaycanın uzun zaman cəlb olunduğu münaqişə hələ də öz həllini tapmayıb. 1994-cü ilin aprelin 20-də əldə edilən sülh anlaşmasından sonra tərəflər arasında atəşkəs prosesi mövcuddur. O zamandan bəri tərəflər arasında sülhün əldə olunması üçün danışıqlar aparılır. Müxtəlif beynəlxalq təşkilatlar regionda sülh yaratmaq istiqamətində bu proseslə bağlı fəaliyyət göstərirlər. Məqsəd tərəflərə sülhün əldə olunmasında yardım etməkdir. Bu təşkilatlardan ATƏT, Azərbaycan və Ermənistanda fəaliyyət göstərən diplomatik korpuslar, İnternational Alert, Barışıq Resurslarını nümunə kimi göstərmək olar. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi belə qurumlardandır.

Səfirlik bir çox QHT-lərə bu tipli layihələrin reallaşdırılmasında dəstək verir. “Qafqazinfo” xəbə verir ki, Əvəz Həsənovun rəhbərlik etdiyi Humanitar Tədqiqatlar Cəmiyyətini (HTC) bu təşkilatlardan nümunə kimi göstərmək olar. Təşkilat HTC-nin Böyük Britaniyanın Aərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi layihə haqqında açıqlama yayıb.

Bildirilir ki, Humanitar Tədqiqatlar Cəmiyyəti uzun illərdir sülhyaratma istiqamətində maraqlı, orijinal layihələrin icra olunmasına ciddi səylər göstərir. Təşkilat Azərbaycanda sülhyaratma prosesi ilə bağlı layihələrin həyata keçirilməsinə şəraitin zəif olmasına baxmayaraq, özünün regionda olan bütün imkanlarından istifadə edərək fəaliyyətin nəticələrini uğurlu etməyə səy göstərir.

2010-2011-ci illər ərzində HTC Ermənistan və Dağlıq Qarabağdan olan tərəfdaşları ilə birgə Britaniya səfirliyinin dəstəyi ilə “Let`s PeaceJam” adlı video-dialoq layihəsini gerçəkləşdirib. Layihə Skype proqramı vasitəsilə müxtəlif mövzulara həsr olunmuş müzakirələr, məruzələr və birgə filmlərin nümayişini reallaşdırmağa imkan yaradıb. Əslində, gündəlik olaraq müxtəlif internet forumlar, sosial şəbəkələr vasitəsilə bir-biri ilə danışmaq imkanı olan hər iki xalqın nümayəndələri bu təmasları daha çox tarixi və mədəni üstünlüyü sübut etməyə yönələn tonlar üzərində qururlar. Bu cür internet təmaslar zamanı azərbaycanlı və erməni arasında gedən polemikalar münasibətlərin istiləşməsinə deyil, hər iki tərəf üçün virtual aləmdə belə danışmağın mümkün olmadığına insanları inandırır. İnternet məkanda bu cür neqativ misalların artdığı ərəfədə “video-dialoq” layihəsi gənclərə, müxtəlif peşə adamlarına, qaçqın və məcburi köçkünlərə, Dağlıq Qarabağın azərbaycanlı və erməni sakinlərinə sakit və pozitiv bir atmosferdə internet vasitəsilə bir-birini eşitmək və fikirlərini bölüşmək üçün auditoriyanı yaratmaq imkanı verdi.

“Video-dialoq” zamanı Peace Jam Fondununun program direktoru Kate Cumbo ve Bradford Universitetinin əməkdaşı Larenda Twigg iştirakçılara Nobel Sülh Mükafatı laueratlarının təsis etdikləri təşkilatın gənclərin sülhyaratma prosesində verə biləcəyi tövhədən və fondun 10 qlobal çağırışına gənclərin qoşulması imkanlarından danışdılar. Tədbirdə gənclərə Bradford şəhərində Nobel Sülh Mükafatı Lauratı Betty Villiams ilə fondun illik konfransı zamanı Azərbaycandan və Ermənistan olan gənclərin görüşünün planlaşdırılması haqqında da məlumat verildi. 5 gün davam edən görüşə dünyanın müxtəlif ölkəsindən 300-dən artıq gənc və xüsusən orta məktəb şagirdləri qatılmışdı. Xanım Villiams xüsusi olaraq azərbaycanlı və erməni gəncləri qarşısında çıxış etdi və onların suallarını cavablandırdı. Görüşdə iştirak edən Elvin Yusiflinin dediklərindən:

“Nobel Sülh mükafatı laureatı Betty Williams və Bradford Universitetinin münaqişənin idarə olunması üzrə departamentinin təşkil etdiyi tədbir bir daha erməni gəncləri ilə görüş üçün şans idi. Hesab edirəm ki, bu görüşlər gənclərin bir-biri ilə təmas qurmasına və onları başqa tərəfin mövqeyində özünü hiss etməsinə imkan yaradır. Digərlərindən fərqli olaraq bu cür görüşlərin iştirakçıları hər iki tərəfin rəsmi təbliğatından, cəmiyyətdə formalaşan stereotiplərdən kənarda bir-birini başa düşməyə cəhd edir, gələcəkdə xalqların barışması istiqamətində mövqe nümayiş etdirməyə imkan tapırlar. Bu baxımdan görüş artıq formalaşmış stereotiplərə yenidən baxmaq və münaqişənin həll olunması istiqamətində öz məsuliyyətimə başqa prizmadan yanaşmaq imkanı yaratdı”.

Gənclərin internet texnologiyaların imkanlarından istifadə edərək regional əməkdaşlıq və region problemlərinə jurnalist baxışlarının müəyyən edilməsini stimullaşdırmaq məqsədilə layihə çərçivəsində maraqlı video müzakirələr təşkil edildi. Onlardan biri http://www.kultura.az portalının direktoru Ələkbər Əliyev və ermənistanlı bloger Samvel Mortirosyan arasında aparılan polemika idi. Hər iki qonağın regionda münaqişəyə, Azərbaycan və Erməni xalqları arasında münasibətlərin qurulmasına alternativ baxışları gəncləri Dağlıq Qarabağ münaqişəsinə diqqətini cəmləməyə kömək etdi.

Bu görüşdə iştirak edən tələbə, sosial şəbəkələrdən aktiv istifadə edən Sevinc Abbaszadə özünün münaqişələrin həlli ilə bağlı bir neçə təlimlərdə iştirak etdiyini bildirdi. Gənclərin bəzən belə təlimlərdə daha çox öz həqiqətlərini çatdırmaq üçün bir imkan olduğuna inanaraq münaqişəyə dərindən baxa bilmədiklərini etiraf edərək qeyd etdi ki, “münaqişə heç də dövlətlər və xalqlar arasında baş vermir, o, insanların gündəlik həyatında onu əhatə edənlər ilə də baş verir. Bizim artıq baş vermiş münaqişədən çıxmaq və onun həlli yollarını axtarmaq imkanlarımızın zəif olması onunla nəticələnir ki, ən adi məişət münaqişəsinin belə həllini tezləşdirmək bizim üçün problemə çevrilib”.

Müzakirələr gənclər arasında münaqişələrin həlli istiqamətində biliklərin zəif olduğunu üzə çıxardı. Təşkilatçılar tərəfindən bir neçə onlayn mühazirələr təşkil olundu. İlk belə mühazirələrdən biri avstriyalı konfliktoloq Fridrix Qlazelin “Münaqişələrin həlli və eskalsiyası” mövzusunda məruzəsi idi. F.Qlazel münaqişələrin həllinin bütün fazalarını yeniyetmələr üçün geniş şəkildə əyani misallarla tərtib edən müəlliflərdən olduğundan onun gətirdiyi misallar auditoriyanı öz vəziyyətini müqayisə etməyə sövq edirdi. Gənclər regionda münaqişələrin həllinin real vəziyyəti, tərəflər arasında vəzifələr kimi məsələlərlə yanaşı, regionda gənclərin sosial problemləri, təhsil sistemi və təhsilin hazırkı durumu, mədəniyyət və jurnalistika problemlərinə həsr olunmuş müxtəlif ekspertlərin iştirak etdiyi video-müzakirələrdə iştirak edərək öz fikirlərini bölüşüblər.

Maraqlı diskussiyalardan biri də Xankəndindən olan Tətbiqi Riyaziyyat Elmləri namizədi Georgi Saakyanın “Təhsildə islahatlar və Avropa təhsil sisteminə inteqrasiya” mövzusunda təşkil olunan onlayn müzakirə olub. Onunla Bakı studiyasında əyləşən qonaqlar arasında aparılan təhsil sisteminin indiki vəziyyəti və Avropaya inteqrasiya olunması üçün hansı islahatların aparılmasının zəruriliyini göstərən müzakirə gəncləri – DQ-dan olan iştirakçıları Azərbaycan təhsil sistemi ilə tanış etməyə şərait yaradıb.

Bir il ərzində layihə tərəflərinin təşkil etdiyi auditoriyalarda birgə olaraq müxtəlif ölkələrdə baş vermiş münaqişələrə həsr olunmuş filmlər nümayiş etdirildi. Nümayişin yekunundan sonra gənclər Skype vasitəsilə həmin filmləri müzakirə etdilər. Ən maraqlı müzakirələrdən biri yəhudi qızların orduda xidmət etdikləri zaman qarşılaşdıqları çətinliklərə həsr olunmuş filmlə bağlı aparılan fikir mübadiləsi olub. Film yəhudi xanımların əsgər kimi xidmətdə şahid olduqları çətinliklər və kobud davranışların sonra onların əhvalına necə təsir etməsinə həsr olunmuşdu. Azərbaycan və Dağlıq Qarabağdan olan iştirakçıların birgə seyr etdikləri bu filmin nümayişindən sonra aparılan müzakirədə aydın oldu ki, qızların hərbi xidmətə çağırılmasında və qadının ailədə yerinin müəyyən olunmasında hər iki cəmiyyətin təmsilçilərinin xeyli oxşar mövqeləri var. DQ-dan olan tələbə ilə eyni fikri səsləndirən tələbə Vüsal Dadaşov qadınların Azərbaycanda çətin peşələrə göndərilməməsini, onların ailədə “ocağın qoruyucusu” rolunda qəbul olunmasını bildirdi.

HTC-nin müxtəlif tədbirlərində iştirak edən gəncləri dəvət etməklə iki böyük seminar keçirilib. Onlardan biri “Peace Jam təşəbbüsü: gənclərin sülhyaratma imkanları”, digəri isə “Sülhyaratma prosesi: gənclərin təşəbbüsləri, yeni medianın rolu”na həsr olunmuşdu. Sülhyaratma prosesini daha da irəli aparmaq üçün gənclərin təşəbbüslərinin real vəziyyətini əks etdirən müzakirə ilə yanaşı, onların yeni medianın imkanlarından istifadə etmələrinin incəlikləri müzakirə obyekti idi.

Gənclər əslində, yeni medianın yaratdığı imkanlardan daha aktiv bəhrələnən təbəqə olsalar da, onların qarşı tərəfdən olan gənclər ilə təmas qurmaq imkanları və onlarla ortaq mövzular ətrafında müzakirə açmaq imkanları aşağı səviyyədədir. Onların birgə yaşayışın nə zamansa hər iki xalqın münasibətlərində pozitiv rol oynadığını göstərə biləcək şəxsi misalları olmadığından, yaşlı nəsildən olan insanların isə bu münasibətlərin qurulmasının uzun perspektiv olduğunu dərk edərək öz nümunələrini yaddan çıxardıqlarından gənclər yalnız rəsmi təbliğatın nəticəsində formalaşan mövqe ilə kifayətlənməli olurlar.

Əvəz Həsənov bildirdi ki, bu fəaliyyət sülhyaratma prosesində dəryada bir damladır: “Böyük çoxluq müharibəyə köklənib. Amma unutmayaq ki, sülhü hamı istəyir. Biz bu tədbirlərimizdə gənclərdən yeni təkliflər, fikirlər eşidirik. Bu fəaliyyət sülhyaratma prosesində yeni bir model yaratmağa bənzəyir. Bu gün Azərbaycanda bir çoxları dövlətin bu prosesdə apardığı siyasətdən kənar alternativ bir siyasət aparmaq istəmir. Bu gün gənclər öz müəllif yazılarında qeyd edirlər ki, Azərbaycan tolerant bir ölkədir, bu ölkənin regionun ən güclü dövləti olmasını istəyərək, müharibənin nə qədər zərərli olduğunu vurğulayırlar. Gənclərimiz Azərbaycanı sevərək bu fikirlərini irəli sürürlər. Bu barədə düşünməyə dəyər”.

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s